BAKI, 12 may. TELEQRAF
“Əhvalım yüksəkdir. "Zirə" ilə üçüncü finalımızı oynayacağıq. Bayram əhval-ruhiyyəsindəyik. Futbolçularıma təşəkkür edirəm. Burada altıncı ilimdir. Beş ildə 2-ci, 3-cü olmuşuq. Altı dəfə medallar uğrunda mübarizə aparmışıq. Futbolçularımla hər zaman qürur duymuşam. Bu mövsüm yay seleksiya dönəmində kimin iddialı, kimin titullar uğrunda mübarizə aparacağını öncədən görmək olurdu”.
Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Bizon Azərbaycan Kubokunun final görüşündən öncə baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis həlledici görüşə hazırlıqlardan söz açıb:
“Sabah bizi olduqca önəmli oyun gözləyir. Sabah 40 gün tamam olacaq ki, 9-cu oyuna çıxacağıq. Müəyyən gərginlik var. Üzərimizdəki təzyiqi atıb sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Qarşımızdakı son Azərbaycan çempionudur. Əlimizdən gələni edib, qalib gəlməyə çalacağıq.
Qismətdən hər finalda çempionatın ən güclüsü ilə qarşəlaşırıq. İtirəcək çox şeyimiz var. Bəlkə sabahkı oyun bizim üçün son şansdır. Buna görə meydanda əlimizdən gələnin ən yaxşısını etməliyik.
Məğlubiyyətimiz 4 komandaya sərf edir. "Neftçi" mövsümü dördüncü sırada başa vuraraq avrokuboklara gedəcək. “Qarabağ” isə belə halda Avropa Liqasında mübarizə aparacaq. Bundan başqa, "Sabah" qələbə qazansa "Turan Tovuz" Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Finalda uduzmağımız digər klublara sərf edir. Bunu normal qarşılayıram. Mən də onların yerində olsaydım, “Sabah”a azarkeşlik edərdim”.
O, kubok yarışlarının onlar üçün hər zaman xüsusi və çətin keçdiyini bildirib:
“Kubokla bağlı bizə hər zaman maraqlı hadisələr baş verib. Bu mövzuda ən çox şikayətlənən də mən olmuşam. Bu il 1/8 finaldan başlamışıq, final isə çempionat mövsümü başa çatmamış keçirilir. Buna görə hazırlığa daha çox vaxtımız oldu”.
Sadıqov ötən mövsüm avrokuboklarda “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın həmin vaxt rəhbərlik etdiyi "Omoniya"ya 6:0 uduzması və bu mövsüm də ona iki dəfə məğlub olmasına belə reaksiya verib: “Bəli, cənab Dambrauskasla qarşılaşmışıq. Məndə xüsusi aqresiya yoxdur, ona hörmətim var. Sevinirəm ki, çempionatımızda belə məşqçi var. Ümid edirəm ki, bir gün eyni şərtlərlə qarşılaşarıq. Onun və mənim edəcəyim həmlələr daha maraqlı olacaq”
Baş məşqçi penaltilər seriyasına da hazır olduqlarını vurğulayıb:
“Penaltilər seriyasına hazırlaşmışıq. Amma istərdim ki, sabah oyunun taleyi 90 dəqiqədə həll olunsun”.
Qeyd edək ki, final görüşü mayın 13-də, saat 20:00-da "Palms Sports Arena"da start götürəcək.