BAKI, 5 may. TELEQRAF
“Azərbaycan Kubokunun final oyununu canlı izləyib-izləməyəcəyimi dəqiq bilmirəm. Çünki bizim oyun deyil. Mənim orada “Sabah”a və ya “Zirə”yə azarkeşlik etməyim doğru deyil. Baxmayaraq ki, “Sabah”ın kuboku qazanması bizim işimizə yarayacaq, amma istəyərəm ən güclü qazansın. Rəqibə haqsızlıq olsun istəmərəm. Çünki həyat bumeranqdır. Nə vaxtsa eyni hal bizim başımıza da gələ bilər”.
Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmanı belə şərh edib:
“Qarabağ”la oyundan sonra oyunçularda çox böyek emosiyalar ortaya çıxdı. Belə oyunlardan sonra futbolçuların emosional vəziyyəti yaxşı olmur. Amma biz hamılıqla bunun öhdəsindən gəldik. Hər oyun bizim üçün finaldır. Bizim cəmi 3 oyunumuz qalıb. Futbolçular da başa düşür ki, hər oyunda çıxıb maksimumu ortaya qoymalıyıq. Azərbaycan Kubokunun finalının necə keçəcəyi də böyük əhəmiyyət daşıyır.
“Neftçi” kimi tarixi klubda işləmək böyük şərəfdir. Hər kəsə hörmət edirəm. Bu klubun böyük tarixi var.
Transferlərlə bağlı heç nə demək istəmirəm. Çox şey yazırlar. Vaxtı gələndə hər şeyi açıqlayacağıq. Futbolçularımla konfilikt yaşadığımı deyirlər, amma belə bir şey yoxdur. Mən skandal sevmirəm.
Gələcəkdə ən yüksək yerlərdə olmaq ən böyük arzumdur. Düşünürəm, həm də futbolçuların arzusudur”.