QƏBƏLƏ, 25 aprel. TELEQRAF
“Oyunçuların yanaşmasından razıyam. Futbolçular istəklidirlər və bu, bizim oyun fəlsəfəmizə çox yaxındır”.
Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rui Jorge jurnalistlərə açıqlamasında deyib.
“Sözsüz ki, hamı hücumameyilli futbol oynamağımızı gözləyəcək. Biz çalışacağıq hazırlığımızı daha çox bu yöndə davam etdirək. Bizim üçün əsas keyfiyyətdir. Heyəti yığarkən bundan əvvəl milliyə dəvət olunan futbolçulara üstünlük verdik. Bundan əvvəlki oyunları izləmişdik və eyni oyunçuları dəvət etdik.
Keçmiş və əcnəbi məşqçilər barədə nəsə demək düzgün olmaz. Mən keyfiyyəti artırmaq və nəticə əldə etmək üçün Azərbaycandayam. Bu təlim-məşq toplanışında iştirak edən məşqçilərdən razıyam. Qapıçılar üzrə məşqçi ilə bağlı yekun qərar qəbul edilməyib. Qəbələdə təşkil olunan hazırlıqdan çox razıyam. Buradakı qonaqpərvərlik, münasibət hər şeydən əladır”.