BAKI, 17 aprel. TELEQRAF

Argentina millisinin futbolçusu Lionel Messinin tribunadan izlədiyi Venesuela ilə yoldaşlıq oyunu təşkilatçı şirkət üçün ciddi maliyyə böhranına səbəb olub.

Teleqraf xəbər verir ki, bu səbəbdən "VID Music Group" şirkəti Messi, Argentina Futbol Assosiasiyası (AFA) və futbolçunun meneceri Culian Markos Kapelana qarşı məhkəmə iddiası qaldırıb.

Şirkət iddia edir ki, Messinin adı çəkilən qarşılaşmada forma geyinməməsi 7 milyon dollarlıq müqavilənin şərtlərinin pozulmasına və maddi zərərə səbəb olub. Ulduz futbolçunun ötən ilin oktyabrında baş tutan oyunda iştirak etməməsi gözlənilən tamaşaçı sayına birbaşa təsir edib.

İddiaya görə, müqavilədə Messinin ən azı 30 dəqiqə meydanda olması əsas şərt kimi göstərilib. Bu səbəbdən şirkət tərəfləri “yanıldıcı bəyanat” verməkdə və “müqavilə öhdəliklərini pozmaqda” ittiham edir.

Məlumata görə, Mayamidə yerləşən “Hard Rock Stadium”da keçirilən və Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşan oyundan əvvəl Messinin oynamayacağı təşkilatçılara bildirilməyib. Şirkət hesab edir ki, bu hal tamaşaçı sayının azalmasına səbəb olub. Qarşılaşmanı tribunadan izləyən futbolçunun bütün xərclərinin də şirkət tərəfindən qarşılandığı qeyd edilir.

Təşkilatçılar bildirir ki, matçı cəmi 15 min tamaşaçı izləyib və bu da gözləntilərdən xeyli aşağı olub.

VID Music Group, ABŞ-da keçiriləcək oyunların təşkilat hüquqları üçün AFA-ya 7 milyon dollar ödədiyini vurğulayıb. Şirkət müqavilə şərtlərinə əsasən, Messinin meydanda olmaması halında təzminat tələb etmək hüququna malik olduğunu bildirərək məhkəməyə müraciət edib.