BAKI, 30 mart. TELEQRAF

UEFA Avropa Liqasının 1/8 final mərhələsində İngiltərənin "Aston Villa" komandasına qarşı keçirilən oyunda (0:1) fransalı azarkeşlərin açdığı pankart və digər qayda pozuntuları "Lill" klubuna baha başa gəlib.

Teleqraf "Birmingham Live" nəşrinə istinadən xəbər verir ki, matçdan əvvəl "Lill" fanatları üzərində Fransa bayrağı, zirehli geyimdə və əlində qılınc olan Janna d’Arkın təsviri əks olunmuş böyük pankart açıblar. Pankartda ingilis dilində "Fransızlar heç vaxt ölmür", həmçinin "Məğrur. Güclü. Qəddar" və "Janna qılıncını qaldırır, Lill döyüşməyə davam edir" şüarları yer alıb.

UEFA bu mesajı idman tədbirinə uyğun olmayan məzmun kimi qiymətləndirib. Bundan əlavə, meydana yad əşyaların atılması, pirotexniki vasitələrdən istifadə və oyunun başlanmasının gecikdirilməsi də nəzərə alınaraq, "Lill" klubu ümumilikdə 82 750 avro məbləğində cərimələnib.