SUMQAYIT, 26 mart. TELEQRAF

“FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində Azərbaycan millisi ilə keçiriləcək qarşılaşma öncəsi Sent Lüsiya yığmasının baş məşqçisi Stern Con mətbuat konfransında iştirak edib.

Teleqraf xəbər verir ki, mütəxəssis komandasının sabahkı sınağa tam hazır olduğunu vurğulayıb: “Bizi burada çox səmimi qarşıladılar. Uzun yol gəlsək də, komandada əhval-ruhiyyə yüksəkdir. Azərbaycan millisi barədə kifayət qədər məlumat toplamışıq. Xüsusilə, heyətdə Çempionlar Liqası təcrübəsi keçmiş futbolçuların olması rəqibin gücündən xəbər verir. Onlar çox yaxşı təşkil olunmuş komandadır və bu, bizim oyunçularımız üçün yaxşı sınaq olacaq”.

Məşqçi yerli çempionatın səviyyəsinin Karib hövzəsi oyunçuları üçün cəlbedici olduğunu qeyd edib: “Sabah meydana qələbə qazanmaq və rəqabət aparmaq üçün çıxacağıq. Eyni zamanda bu oyun futbolçularımız üçün bir şansdır. Əgər Azərbaycan Premyer Liqasından hər hansı futbolçumuza təklif gələrsə, mən buna yalnız sevinərəm”.

Qeyd edək ki, Azərbaycan - Sent Lüsiya oyunu martın 27, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.