BAKI, 18 mart. TELEQRAF
Azərbaycan futbolu adına daha bir rəzalətə şahidlik etdik. Hər halda 17 yaşadək qadın futbolçulardan ibarət yığmamızın Farer adalarından olan həmyaşıdlarına 1:6 hesabı ilə uduzmasının başqa adı yoxdur.
Belçikaya 0:11, Sloveniyaya 0:3 hesabı ilə uduzmağı haradasa rəqibin gücünə bağlamaq olar. Amma cəmi 56 min əhalisi olan, ilin 300 günü əsən küləyin və aramsız yağışların futbol oynamağa imkan vermədiyi bir ada ölkəsinə 6 qolla uduzmağın heç bir bəhanəsi ola bilməz.
Bu, biabırçılığın son dayanacağıdır!
Statistika göstərir ki, Farer adalarında əhalinin təxminən 27 mini qadındır. Onlardan cəmi 950 nəfərinin 16-18 yaşları var. Bu, bir kəndin, bəlkə də Bakıdakı orta ölçülü bir yaşayış kompleksinin sakinlərinin sayına bərabərdir.
Azərbaycanda isə eyni yaş qrupunda 230 mindən çox zərif cinsin nümayəndəsi var. Deməli, bizim seçim imkanımız onlardan 250 dəfə çoxdur.
Farer adalarının futbol federasiyasının cəmi 5-10 milyon avroluq büdcəsi olduğu halda, AFFA-nın təkcə ötən il belçikalılara yazdırdığı “Yeni strategiyası"na 4 milyon manatdan çox vəsaitin ayrıldığı deyilir.
Amma onlar o 950 qızın içindən komanda yığıb bizi rüsvay edirlər. Biz isə 230 min nəfərin içindən 11 nəfər tapıb futbol oynaya bilmirik..
Utan, AFFA, utan!