BAKI, 17 mart. TELEQRAF
“Çelsi” İngiltərə Premyer Liqasında şərti olaraq bir illik transfer qadağası ilə cəzalandırılıb.
Teleqraf “Sky Sports”a istinadən xəbər verir ki, buna səbəb 2011–2018-ci illər arasında klubun sahibi Roman Abramoviç olduğu dövrdə agentlərə edilən təxminən 55 milyon avroluq gizli ödənişlər və gənc futbolçuların qeydiyyatı qaydalarının pozulmasıdır.
Həmçinin, buna görə klub təxminən 12,5 milyon avro cərimələnib.
Qayda pozuntuları 2022-ci ildə klub yeni amerikalı sahiblər tərəfindən alınarkən aparılan maliyyə və hüquqi yoxlamalar zamanı üzə çıxıb. Yeni rəhbərlik bu pozuntular barədə Premyer Liqanı, İngiltərə Futbol Assosiasiyasını və UEFA-nı özü məlumatlandırıb. Cərimə təxminən 23 milyon avro nəzərdə tutulsa da, klubun bunu özü etiraf etməsi və istintaqla əməkdaşlıq etməsi səbəbindən məbləğ yarıya endirilib.
Bundan əlavə, “Çelsi” 2019–2022-ci illərdə yol verilmiş pozuntulara görə akademiya oyunçularının transferinə 9 aylıq qadağa alıb və bu cəza dərhal qüvvəyə minib.
Xatırladaq ki, 2023-cü ilin iyulunda UEFA da “Çelsi”ni əvvəlki sahiblərin 2018 və 2019-cu illər üzrə natamam maliyyə hesabatlarına görə təxminən 10 milyon avro cərimələyib. Araşdırma zamanı transferlərlə bağlı ən azı altı şübhəli ödəniş aşkar olunub və bu məbləğlər rəsmi hesabatlarda göstərilməyib. Bu işlərin Eden Hazard, Samuel Eto’o və Andreas Kristensen transferləri ilə bağlı olduğu ehtimal edilir.