BAKI, 4 mart. TELEQRAF
İngiltərə futbolunda məşhur simaların klub sahibi olması ənənəsi yeni mərhələyə qədəm qoyub.
Teleqraf xəbər verir ki, Hollivud ulduzlarından tutmuş bloqqerlərə qədər bir çox tanınmış şəxs müxtəlif liqalardakı klublara investisiya yatırırlar.
Böyük Britaniya mətbuatının məlumatına görə, bu dalğanın son nümayəndəsi məşhur yutuber və şoumen KSI olub. O, "Dagenem end Redbric" klubunun səhmdarı və strateji tərəfdaşına çevrilərək, gələcəkdə altıncı divizion təmsilçisini Premyer Liqaya daşımaq niyyətində olduğunu bildirib.

İngiltərə futboluna investisiya qoyan digər dünya ulduzları arasında aşağıdakı adlar diqqət çəkir:
Snoop Dogg: Əfsanəvi repçi "Suonsi Siti"nin həmsahiblərindən biri olub.

Tom Breydi: NFL ulduzu "Birmingem Siti"də marketinq departamenintinin sədri kimi fəaliyyət göstərir.

Rayan Reynolds və Rob Mak: "Reksem" klubunu qlobal bir marka halına gətirərək Çempionşipə qədər yüksəldiblər.

Maykl B. Cordan: "Bornmut"un sahibləri olan konsorsiumun üzvüdür.

Uill Ferrell: "Lids Yunayted" klubuna sərmayə qoyan "49ers Enterprises" qrupunun ortaqlarındandır.

JJ Watt: Həyat yoldaşı ilə birlikdə "Börnli"nin səhmdarı olaraq klubun kommersiya gücünü artırmağa çalışır.

Bundan əlavə, NBA ikonu Lebron Ceymsin "Liverpul"da, tanınmış müğənni Ed Şiranın isə azarkeşi olduğu "İpsviç Taun" klubunda kiçik səhm payları mövcuddur.
