ŞAMAXI, 28 fevral. TELEQRAF

“Çox təəssüflənirəm ki, Peşəkar Futbol Liqası mənə cavab verdi. Çünki məndən əvvəl Premyer Liqada İmişli stadionunda oynayan bütün məşqçilər etiraz etmişdi. Və məndən sərt danışmışdılar. Hətta “bu meydançanı niyə qəbul ediblər”, “burada futbol oynamazlar” kimi ifadələr işlədilmişdi. Təəssüf ki, onlara reaksiya gəlmədi. Mənim açıqlamama “etik deyil” bildiriblər. Neçə gündür, etikanı harada pozmuşam, onu axtarıram və tapa bilmirəm. Çox təəəssüflənirəm ki, buna belə reaksiya verdilər”.

Teleqraf xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi”yə qarşı 2:2 hesablı heç-heçə ilə bitən oyundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi Premyer Liqanın XXI turunda “İmişli”yə qarşı oyunda Quba Olimpiya Kompleksinin stadionunun qapı problemi barədə açıqlamasının gündəm yaratmasından danışıb. Abbasov qapının 11 sm hündür olması barədə danışığının Peşəkar Futbol Liqasına görə “etik olmamaması”na belə reaksiya verib:

“Xahiş edirəm ki, fikrimi geniş verəsiniz. Çünki ötən oyunda da sual başqa cür idi. Sanki hakimlikdən sual verilmişdi, amma belə deyildi. “İmişli” ilə həmin oyunda top iki dəfə qapı dirəyinə dəydi. Biz qapıçı ilə söhbət edirdik, o dedi, mən topu normal hiss edirdim. Tullandı, amma top dirəyə dəydi. Onu 12 sm torpaq töküb aradan qaldırırlarsa biz hara gedirik.

Başqa bir məqamı da deyim. Mən futbolçularımı da düşünürəm. Baxın, Bəhlul Mustafazadənin zədəsi Quba stadionundan başladı. Bəhlul millinin üzvüdür və 6 ay futbol oynamayacaq. Biz hər şeyə fikir bildirməliyik. Çox şeydən danışa bilərəm və yetərincə arqumentlərim var.

Meydançamızı təmizləməyi bizə minnət edirlər. Nə vaxt PFL gəlib bizə meydança təmizləyib?! Bilirəm, qarda da oynamışıq. Bizə deyiblər, bu gün oynamasaq, reqlamentə uyğun olaraq sabah oynamalısınız. Biz burada deməmişik ki, başqaları sabah oynamadı. Ona görə, belə şeylərə cavab verməsinlər. Biz demişik ki, bugünə kimk orada neçə oyun olub. Dərd ondadır ki, orada oynayan bütün komandalar qapıya etiraz ediblər. Bu, bilinirdi. Biz burada günahkar axtarmırıq, deyirik, düzəldək. İstəyirik ki, gələn çempionat daha maraqlı olsun. Bəli, mən öz komandama da deyirəm ki, canlanma olmalıdır, imkan olsa meydança da dəyişilməlidir. Eyni şeyi “Turan Tovuz”da işləyəndə də deyirdim. Yavaş-yavaş inkişaf etməliyik, amma geri gedirik. Və biz buna don geyindiririk. Burada heç bir etikadan kənar şey yoxdur və heç kimə də söz demirik. Nə vaxt sözümüz var, həmişə açığıq və heç kimdən çəkinmirik. Kimlərinsə problemi varsa, ümumiyyətlə, biz qarışmırıq. PFL-dən xahiş edirəm, deyiblər, çıxsınlar indi cavab versinlər ki, mən etikanı harada pozmuşam. Məndən qabaq sərt danışan məşqçilərin də açıqlamasına cavab verərdilər, niyə vermədilər?!”