BAKI, 24 fevral. TELEQRAF
Fransanın PSJ klubunun və Mərakeş millisinin futbolçusu Əşrəf Hakimi 2023-cü ilin fevralında irəli sürülmüş zorlama ittihamı ilə bağlı məhkəmə qarşısına çıxacaq.
Teleqraf xəbər verir ki, 27 yaşlı müdafiəçinin vəkili AFP agentliyinə məlumatı təsdiqləyərək, iş üzrə rəsmi məhkəmə prosesinin başladığını bildirib.
Məhkəmə qərarı 24 yaşlı qadının şikayəti əsasında aparılan ikiillik araşdırmadan sonra qəbul edilib. Bütün ittihamları qəti şəkildə rədd edən Hakimi X sosial şəbəkəsində mövqeyini paylaşıb: “Bu gün məhkəmə prosesinin başlaması üçün sadəcə ittiham kifayət edir, halbuki hər şey bunun yalan olduğunu sübut edir. Həqiqətin ortaya çıxacağı bu məhkəməni sakitliklə gözləyirəm”.
Xatırladaq ki, Əşrəf Hakimi əvvəlki müsahibələrində də günahsız olduğunu və vicdanının rahat olduğunu vurğulayıb. Mərakeşli ulduzun məhkəməsinin yaxın vaxtlarda başlaması gözlənilir.