ŞAMAXI, 10 fevral. TELEQRAF

“Çox vacib üç xal qazandıq. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissədə “Şamaxı” bizdən daha istəkli görünürdü. Fasilədən sonra isə biz daha yaxşı idik. Qələbə qazanmağımız çox önəmli idi. “Şamaxı” kimi komandanı formalaşdırdığı üçün Ayxan Abbasovu da təbrik edirəm”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Bu heyət son matçı buraxmışdı. “İmişli” ilə oyunda da dəyişikliklər mümkündür. Bəzi futbolçudan narazılığım var. Bəzi nüanslar var ki, özlərini sübut etməlidirlər. Hələ bir neçə gün var. Fərqli yanaşa da bilərik. Ola bilsin oyun zamanı fərqli seçimlər edək. İnanıram ki, sonda doğrusunu deyəcəyik” - Qurbanov əlavə edib.

Qurban Qurbanov Nəriman Axundzadənin ABŞ klubuna transferindən də söz açıb: “Ciddi danışıqlar gedir. Sona yaxınlaşır, amma konkret deyil. Belə bir oyunçunun getməsi əlbəttə, ürəkaçan deyil. Amma son zamanlar baş verənlərə görə getməsi lazım idi. Nəriman bizim son illərdəki ən məhsuldar oyunçularımızdan biri idi. Son başverənlərdən sonra özünü ələ ala bilmədi. Getməsi lazımdır ki, özünü yenidən tapa, toparlana bilsin. Edəcək bir şey yoxdur. Təki alınsın, onun üçün yaxşı olsun. Böyümək üçün son iki ildə çox çalışırdı. Bu gün oyundan sonra da futbolçulardan biri mənə yaxınlaşıb dedi ki, mənə yaxşı təklif gəlib. Bilmirik, saxlaya biləcəyik, ya yox. Xoşagəlməz deməzdim, amma elə bir yerdən təklif gəlir ki, ora ancaq pul üçün getmək olar. Çalışırıq onları motivasiya edək”.

Təcrübəli mütəxəssis Bəhlul Mustafazadənin Çin klubuna transferinin baş tutmamasına da münasibət bildirib: “Orada bir neçə detallar oldu. Onunla danışmışdıq. Belə deyim, mən Bəhlul tərəfdə idim. Çox dərinə getməyək”.