BAKI, 8 fevral. TELEQRAF

İngiltərə Premyer Liqasının XXV turunda "Vulverhempton" üzərində qazanılan 3:1 hesablı qələbə "Çelsi"nin futbolçusu Koul Palmer üçün tarixi nailiyyətlərlə yadda qalıb.

Teleqraf "Opta" portalına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi matçın ilk hissəsində het-trik edərək (13, 35 və 38-ci dəqiqələr) eyni anda iki mühüm rekordu yeniləyib. O, turnir tarixində üç fərqli matçda ilk hissədə het-trik edən ilk oyunçu olub. Palmer bundan əvvəl "Everton" və "Brayton"la görüşlərdə də fasiləyə qədər üç qol vurmağı bacarmışdı.

Bu, ingiltərəli vingerin "Çelsi" forması ilə Premyer Liqadakı 4-cü het-triki idi. Bununla da o, klubun əfsanələri Frenk Lempard, Didye Droqba və Cimmi Floyd Hasselbaynkı (hərəyə 3 het-trik) geridə qoyaraq bu göstəricidə mütləq liderə çevrilib.

Maraqlıdır ki, Palmer bu tarixi uğura "Çelsi"nin heyətində çıxdığı 100-cü rəsmi oyununda imza atıb.