BAKI, 26 yanvar. TELEQRAF
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu VIII tur çərçivəsində İngiltərədə "Liverpul"a qarşı keçirəcək. 2019/2020 mövsümündə Ağdam təmsilçisinin qapısını qoruyan, hazırda İngiltərədə Çempionşip klubu "Lester"də oynayan bosniyalı qapıçı Asmir Beqoviç Teleqraf-a müsahibə verib.
39 yaşlı "əlcək sahib" həm komandaların şanslarını dəyərləndirib, həm də digər sualları cavablandırıb:
- Sabiq klubunuz "Qarabağ" Çempionlar Liqasının (ÇL) VIII turunda "Liverpul"la qarşılaşacaq. Bu oyundan gözləntiləriniz nələrdir?
- Bu, "Qarabağ" üçün həm çox çətin, həm də çox nüfuzlu bir matç olacaq. "Liverpul" kimi bir kluba qarşı, xüsusən də "Enfild"də oynamaq həmişə böyük sınaqdır. Mən yüksək templi oyun gözləyirəm. Burada "Qarabağ" taktiki cəhətdən son dərəcə intizamlı olmalı, müdafiədə diqqətini cəmləməli və topa sahib olduğu anlarda cəsarətli davranmalıdır. "Qarabağ" üçün bu, Avropa səhnəsində öz inkişafını və yetkinliyini nümayiş etdirmək üçün növbəti bir fürsətdir.
- Bir qism hesab edir ki, "Qarabağ" rəqibindən xal ala və hətta "Enfild"də möhtəşəm nəticəyə imza ata bilər. Bəs, sizcə belə şans nə dərəcə yüksəkdir?
- Müasir futbolda hər şey mümkündür. "Liverpul" xüsusilə öz meydanında oynadığı üçün favoritdir, lakin "Qarabağ" artıq dəfələrlə sübut edib ki, onları sıradan biri kimi saymaq olmaz. Əgər "Qarabağ" kompakt oynasa, tempi yaxşı idarə etsə və şanslarından maksimum istifadə etsə, mütləq "Liverpul" üçün oyunu çətinləşdirə bilərlər. Xal qazanmaq böyük nailiyyət olar, lakin bu, demək olar ki, böyük əmək tələb edəcək.
- Bu oyunu stadiondan izləyəcəksinizmi və hansı komandaya azarkeşlik edəcəksiniz?
- Təəssüf ki, orada olmayacağam. Klubla olan keçmişimə görə "Qarabağ"ın qəlbimdə hər zaman xüsusi yeri olacaq. Eyni zamanda, bir peşəkar kimi "Liverpul"a böyük hörmət bəsləyirəm. Deyərdim ki, mən yaxşı futbolun tərəfdarıyam, lakin təbii ki, "Qarabağ"a uğurlar və klubu, eləcə də Azərbaycan futbolunu qürurla təmsil edəcək güclü bir oyun arzulayıram.
- Ümumiyyətlə, "Qarabağ"dan kiminlə görüşmək istərdiniz? Köhnə komanda yoldaşlarınız, Qurban Qurbanov və ya məşqçilər heyəti ilə hələ də əlaqəniz varmı? ÇL oyunlarında uğurlu çıxışlardan sonra onları təbrik edirsinizmi?
- Klubdan bir çox insanla — keçmiş komanda yoldaşlarım, məşqçilər heyəti və əlbəttə ki, Qurban Qurbanovla görüşməyə şad olaram. Bəzi keçmiş komanda yoldaşlarım və personal ilə hələ də əlaqə saxlayıram və klubu yaxından izləyirəm. Bəli, vacib qələbələrdən sonra, xüsusən də Avropa yarışlarında onları təbrik etmişəm. "Qarabağ"ın uğurları mənə hər zaman doğma gəlir.
- Sizcə, hər iki komandanın güclü və zəif tərəfləri hansılardır?
- "Liverpul"un əsas üstünlükləri onların intensivliyi, sürəti, pressinqi və xüsusən də hücumdakı fərdi keyfiyyətləridir. Onlar səhvləri çox tez cəzalandıra bilirlər. Zəif tərəfləri isə, əgər varsa, çox sayda oyunçu ilə hücuma keçdikləri zaman müdafiəyə keçid anları ola bilər. "Qarabağ"ın gücü isə komanda strukturunda, intizamında və uzun illər eyni məşqçi ilə formalaşmış qarşılıqlı anlaşmadadır. Onlar inamla və cəsarətlə oynayırlar. Zəif tərəfləri isə heyətin geniş olmaması və top səviyyəli rəqiblərə qarşı səhv etmək şansının çox dar olmasıdır.
- "Qarabağ"a bir xal bəs edəcək, "Liverpul" da qələbə arzusundadır...
- Bu vəziyyət hər iki tərəf üçün əlavə təzyiq yaradır. "Liverpul"un öz hədəflərini təmin etmək üçün qələbəyə ehtiyacı var, bu da onların aqressiv oynayacağı deməkdir. "Qarabağ" isə nisbətən daha əlverişli mövqedədir və daha səbirli taktika ilə çıxış edə bilər. Mən yenə də üstünlüyü "Liverpul"a verərdim, lakin "Qarabağ"ın şanslarını kiçiltmək olmaz. Xüsusən də oyunu ağıllı idarə etsələr.
- “Köhlən atlar”ın cari mövsümdəki oyunlarını izləyirsiniz?
- Bəli, "Qarabağ"ı bu mövsüm, xüsusən də Avropa matçlarında izləyirəm. Mənə görə, "Ayntraxt Frankfurt" üzərindəki qələbə xüsusilə fərqlənir. Bu, sadəcə vacib bir nəticə deyil, həm də komandanın xarakterinin, inamının və güclü bir Bundesliqa təmsilçisinə qarşı taktiki intizamının nümayişi idi. Düşünürəm, bunun sirri davamlılıq, məşqçiyə inam və ağıllı transfer siyasətidir. "Qarabağ" yalnız böyük adlara deyil, sistemə uyğun gələn və öz rolunu anlayan oyunçulara güvənir. Komanda kimyası çox vaxt transfer dəyərindən daha önəmlidir. Hücumdakı problemlərə gəlincə, uzun bir mövsüm ərzində bu, normaldır. Əsas olan şanslar yaratmaq və balansı qorumaqdır. Səbir və inamla hücumun səmərəliliyi də bərpa olunacaq.
- "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin çıxışını necə qiymətləndirirsiniz?
- Mateuş Koxalski çox yaxşı çıxış edir. O, düzgün mövqe seçimi, güclü reaksiyalar və təzyiq altında soyuqqanlılıq nümayiş etdirir. Bunlar indiki səviyyədə vacib olan keyfiyyətlərdir. Təmkin və qərar qəbul etmə baxımından onunla özümdə bənzərliklər görürəm. O, müdafiə xəttinə inam bəxş edir ki, bu da bir qapıçının ən vacib rollarından biridir.
- Son olaraq, "Qarabağ" azarkeşlərinə hansı mesajı vermək istərdiniz?
- "Qarabağ" azarkeşlərinə göstərdikləri daimi dəstək və sadiqliyə görə təşəkkür etmək istəyirəm. Onlar klubun uğurlarının böyük bir hissəsidir. Onları komandaya inanmağa davam etməyə səsləyirəm, xüsusən də çətin anlarda. "Qarabağ" sadəcə bir futbol klubu deyil. O, qürur, dözümlülük və ambisiyanın rəmzidir. Komandaya və azarkeşlərə Avropada və ondan kənarda davamlı uğurlar arzulayıram.