BAKI, 24 yanvar. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki son rəqibi olan “Liverpul” klubu İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Mersisayd təmsilçisi XXIII tur çərçivəsində “Bornmut”un qonağı olub.
“Vitaliti” stadionunda təşkil olunan görüşdə “Bornmut” qələbə qazanıb - 3:2.
Meydan sahiblərindən Evanilson (26-cı dəqiqə), Alexandro Ximenes (33) və Amin Adli (90+5), qonaqlardan isə Vircil van Deyklə (45) və Dominik Soboslai (80) fərqləniblər.
Bununla da “Bornmut” xallarının sayını 30-a çatdıraraq 13-cü pilləyə yüksəlib. “Liverpul” 36 xalla dördüncüdür.
“Liverpul” bu nəticə ilə Premyer Liqada qələbəsizlik seriyasını 5-ə çatdırıb. Arne Slotun komandası son olaraq XVIII turda autsayder “Vulverhempton”u üstələməyi bacarıb - 2:1.
Qeyd edək ki, “Liverpul” növbəti oyununu məhz “Qarabağ”a qarşı keçirəcək. Görüş yanvarın 28-də “Enfild”də baş tutacaq.