BAKI, 20 yanvar. TELEQRAF
“Rəqibin düşərgəsində dəyişikliklər baş verdi. Bu, bizə mane olan amillərdir. Həqiqətən bizim üçün sürpriz dəyişiklik oldu. Fikirlərimiz bir qədər dəyişdi. "Ayntraxt" təcrübəli rəqibdir, özünəməxsus alman intizamı var, bunlar öz yerində. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Sabah ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı danışarkən deyib.
“Çox vacib oyundur. Hazırlaşmağa çox vaxtımız olmadı. Az bir vaxtdan səmərəli istifadə etdik. Maksimum çalışdıq ki, futbolçularımızı fiziki cəhətdən hazırlayaq. Bir yoxlama oyunu da oynaya bilərdik, amma zaman yetmədi. Ümumilikdə futbolçularım çox intizamlı idi. Sabah hər bir hava şəraitində meydanda oyunumuzu göstərəcəyik. Hər iki komanda üçün şərtlər eyni olacaq. Bizim üçün fasilə olduqca faydalı keçdi. Futbolçuların yorğunluğunu azalda bildik. Bəzi oyunçuların mikro zədələri vardı. Ola bilər ki, bir neçə oyun optimal formamızdan uzaq olaq” - deyə, 53 yaşlı mütəxəssis qeyd edib.
Qurbanov rəqib komandanı sabahkı matça hazırlayan Aleks Meyerin 13 il əvvəl "Qarabağ"a 3 qol vurması barədə suala belə cavab verib: “Əminliklə deyə bilərəm ki, indi bizə qol vura bilməyəcək. Sadəcə tanış simadır, görmək xoş olar”.
Baş məşqçi yeni transferin olacağını da qeyd edib: “Gözlənti çoxdur, alınmalıdır. Hansısa maneə olmasa, transfer olmalıdır. Danışıqlar davam edir”.
Qurbanov "Ayaks"la matçdan öncə hamıda, elə komandada da rahatlıq var idi ki, rəqib xal qazanmayıb. "Ayntraxt" da Bakıya problemli gəlir. Bu barədə futbolçularla danışığınız olub” sualına belə cavab verib: “Bu turnirin çəkisi çox ağırdır. Əsl futbol Çempionlar Liqasıdır. Avropadan gələn komandanın problemi var deyə arxayın olmaq fikrini qəbul etmirəm. Klubda hansısa məşqçinin olmaması belə matçda onlara təsir etmir. Əksinə, onlara əlavə motivasiya verir. Rəqibin seçimləri çoxdur. İstənilən oyunçunu ondan da yaxşı səviyyədə əvəz edəcək futbolçu var. Bəzən belə fikirlər olur ki, biz sanki zəif komandaya qalib gələ bilmədik. Bu fikirlər futbolçulara təsir edə bilər. Onlarla danışığımız olur ki, biz rəqibin gücünü bilməliyik, rəqibə dəyər verməliyik. Fikirləşmirəm ki, "Ayntraxt"ın düşərgəsində hansısa problem var. Sadəcə işin gedişatıdır. İllər boyu belə təkrarlanır. İstər bizim liqada, istərsə də digər liqalarda belə halların şahidi olmuşuq. Bu tip klublar buna hazırdır. Klubu bir nəfər idarə etmir. Elə sistem qurublar ki, buna hazır olduqda belə addım atırlar. Əsas məsələ odur ki, biz bir cür hazırlaşdıq, amma qarşımızda fərqli komanda görəcəyik. Həmişə istəmişəm ki, öz oyunumuzu oynayaraq, qalib gələk ki, belə hallarda hansısa problemimiz olmasın. Antalyadakı hazırlığı, düşüncəni, əminliyi meydanda göstərə bilsək, yaxşı oyun göstərə və yaxşı nəticə əldə edə bilərik. Rəqib Bundesliqa klubudur. Onlara böyük qiymət veririk. Şans varsa, niyə istifadə etməyək? Bu fikirlə oyuna fokuslanacağıq. Biz çox şey deyə bilərik, amma meydanda onları həyata keçirən futbolçularım, döyüşçülərimdir. Yaxşı, texnikalı oyuna baxa biləcəksiz. Futbolçularımı ona fokuslamışam ki, öz oyunumuzla qalib gələk. Bu cür davam etsək, qarşıdakı vaxtlarda tempi qoruyub-saxlasaq, 3 yox 5 qələbəmiz olacaq”.
Baş məşqçi Coni Montielin hazırlığından da söz açıb: “Montiel uzun müddət futboldan uzaq qalmışdı. Ümumi durumu pis deyil. Amma futbolçu elə məxluqdur ki, nə vaxt soruşsan, deyəcək hazıram, optimal formadayam. İstər bir ay məşq etməsin, ya etsin. Ancaq ümumi reallığa baxsaq, Montiel çox əziyyət çəkib. Hazırlığında problem var idi, daha sonra zədələndi. İşinə çox peşəkarcasına yanaşdı. Ondan razıyam. Amma hər bir halda, hələ Montieli tam hazır hesab etmirəm. Özünü yaxşı tərəfdən göstərsə də, belədir. Baxmayaraq ki, hazırlığı yaxşı keçdi, yoxlama oyunlarında özünü göstərdi. Çünki bir il futbol oynamayıb. Belə gərgin, dinamik, məsuliyyətli oyunlarda onun oyun təcrübəsinə çox ehtiyac var. Amma bugünkü hazırlığından razıyam. İnanıram ki, hələ daha da yaxşı ola bilər. Çalışacam ki, məşqçi olaraq onu daha yaxşı səviyyəyə gətirim. Təbii ki, bu cür peşəkar qalarsa”.
Qurbanov "Qarabağ"ın Çempionlar Liqasındakı gərginliyinin Azərbaycan Premyer Liqası matçlarına təsir göstrəməsi amilinə də toxunub: “Ümumən təsiri olur. Bəzən belə oyunlardan sonra daxili liqada xal itkilərimiz çox olub. Avropada da belədir. Şükür ki, neçə ildir çempionatda öz yerimizi qoruyub saxlaya bilmişik. Amma digər ölkələrə baxsan, çox problemləri olur. Hansı ki, hətta elə ölkələrin komandaları var, bu turnirlərdən sonra öz liqalarında səkkiz, onuncu yerlərdə gedirlər. Amma ümumən bizə mane olur. Çünki istər-istəməz fikirlərimiz bu oyunlaradır. Lakin bu, hardasa müvəqqəti olur, sonradan yenə digər matçlara köklənə bilirik. Sadəcə gərginliyin çempionat matçlarına təsiri olur. Amma illərdir belədir. Bizdə pis alınmır. Əvvəlki illərdən daha çox güc sərf edirik, psixoloji daha çox yoruluruq, bir az çətinləşir. Lakin hər bir halda, işimizdir, çalışmalıyıq ki, eyni səviyyədə qalaq. Buna görə bizim 11 yox, 22-23 futbolçumuz var. Belə oyunlarda, belə anlarda digər futbolçuların üzərinə məsuliyyət düşür. Onlar bunu anlayır və qoruyub-saxlayırlar. Bəzən üzdə olan futbolçuların faydasından danışılır. Lakin ikinci heyət qalır. İnanıram ki, futbolçuların xətrinə dəyməz. Onların etdikləri digərlərinin etdiyindən daha da faydalı olur. Çünk o tempi qoruyub-saxlaya bilməsək, biz növbəti ildə nə Çempionlar Liqasında, nə də Avropa Liqasında iştirak edə bilərik. Çətinlik var. Amma sağ olsunlar, futbolçularım bu tempi qoruyur. Bəzən gözlənilməz məğlubiyyət olur. Bu da futbolun bir hissəsidir. İnanıram ki, qarşıda bizi çox maraqlı oyunlar gözləyir”.