BAKI, 29 dekabr. TELEQRAF

Türkiyə "Trabzonspor"unun futbolçusu Arseni Bataqov bir neçə tanınmış Avropa klubunun diqqətini cəlb edib.

Teleqraf "Taka Gazetesi"nə istinadən xəbər verir ki, ukraynalı müdafiəçi ilə İtaliyanın "Napoli" və "Bolonya", eləcə də Portuqaliyanın "Benfika" komandaları maraqlanır.

Bu klubların nümayəndələri 23 yaşlı oyunçunu yanvarın 5-də "Qalatasaray"la Qaziantepdə keçiriləcək Türkiyə Super Kubokunun yarımfinal matçında canlı izləməyi planlaşdırırlar.

Keçən mövsüm Bataqovu Ukrayna "Zorya"sında 1,8 milyon avroya alan "Trabzonspor" onun satışından 30-35 milyon avro gəlir əldə etmək niyyətindədir.

Qeyd edək ki, Arseni Bataqov cari mövsüm ərzində meydana çıxdığı 18 oyunda 2 məhsuldar ötürmə müəllifi olub. O, Ukraynanın U-21 komandasının üzvüdür.