“Qarabağ”ın UEFA Çempionlar Liqasının VI turunda Niderland təmsilçisi “Ayaks”a 2:4 hesabla uduzmasından sonra istər mediada, istərsə də sosial şəbəkələrdə ən çox tənqid olunan futbolçulardan biri Nəriman Axundzadədir. Məsələ ilə bağlı Teleqraf-a açıqlama verən “köhlən atlar”ın sabiq hücumçusu Zaur Ramazanov onun düşdüyü situasiyanı analiz edib:
Veteran futbolçu gənc hücumçunun zəif futbolçu olmadığını bildirib:
“Bu gün Nəriman zəif oynaya bilər, başqası isə qol vura bilməz – bunlar boş şeylərdir. Nəriman “Qarabağ”la Çempionlar Liqasının qrupuna qədər gəlibsə, deməli, zəif futbolçu deyil. Ola bilər, bir dəfə alınır, digər oyunda alınmır. Nəriman stabil futbolçu deyil, bu da normaldır. Baxıram, çoxları onu qınayır ki, oynaya bilmir, zəifdir. Onun gələcəyi qarşıdadır. Azərbaycanlı uşaqdır, bu qədər qınamaq olmaz”.
O, bu tənqidlərin 21 yaşlı futbolçunun psixologiyasına mənfi təsir etdiyini vurğulayıb:
“Əlbəttə, psixologiyasına mənfi təsir göstərir. O, bizim azərbaycanlı futbolçumuzdur. Bir tərəfdən dəstək olmaq lazımdır. Olur da, Nəriman bütün 11 nəfər demək deyil ki. Bizə, milliyə lazımdır. Bu gün onu bu qədər qınamaq düzgün deyil. Başa düşürəm, azarkeşlər həmişə qələbə istəyir, amma hər zaman alınmır. Nəriman indi öz üzərində işləməlidir. Sağa-sola baxmamalıdır. Müsahibələrə, sosial şəbəkələrdə yazılanlara çox əhəmiyyət verməməlidir. Davam etməlidir. Mən Nərimana inanıram, milli komandaya da çox fayda verəcək. Çünki potensialı var. Nəriman uşaq deyil. 21 yaşında olmasına baxmayaraq, Premyer Liqada çempionluqlar yaşayıb, Avropa Liqasında, Çempionlar Liqasının qrupunda çox oyun görüb. O özü də bilir ki, indi toparlanmaq lazımdır. Qınaqlara fikir verməməlidir. Mənə elə gəlir ki, Nərimanın bu situasiyadan çıxmasına ona Qurban Qurbanov özü kömək olacaq. Onun məsləhətlərinə çox ehtiyacı var”.

Zaur Ramazanov Nəriman Axundzadəni əvvəllər bu stiuasiya ilə üzləşən Ramil Şeydayev və Mahir Emreli ilə də müqayisə edib:
“Ramillə Mahirin oyun üslubları fərqlidir. Mahirin potensialı var, amma stabil oynamır. Bilmirəm, məşqlərdən asılıdır, ya oyun taktikalarından. Elə məşqçi var ki, fərqli sistem seçir. Amma bilirəm ki, Nəriman Azərbaycan çempionatında rahat oynaya bilər. Hazırkı vəziyyətdə mən Nərimana legioner həyatı yaşamağı məsləhət görməzdim. İndi getsə, ona ziyan olar”.
Ramazanov Ağdam klubunun hücum xəttinin tənqid olunmasına da münasibət bildirib:
“Bu futbolçularla Çempionlar Liqasının qrup mərhələsinə gəliblər. Niyə də olmasın? Mənə elə gəlir ki, pley-offa yüksələ bilərlər. Bir-iki oyuna görə hər şeyi şişirtmək olmaz. Mənim də vaxt olub ki, qol vura bilməmişəm. Amma həvəsdən düşməmişəm, öz oyunumla davam etmişəm. Bu, hər idmançının başına gələ bilər. Hər futbolçuda “qara zolaq” olur. Ruhdan düşməməlidir. Nərimanın ümumi performansını bəyənirəm. İnanıram ki, bu situasiyadan yaxşı çıxacaq”.