BAKI, 19 noyabr. TELEQRAF
Futbol üzrə dünya çempionatının final mərhələsinə sürpriz şəkildə vəsiqə qazanan komandalardan biri də Haiti yığmasıdır.
Teleqraf-ın məlumatına görə, 51 il sonra qazanılan bu uğurun arxasında bir çox maraqlı məqamlar var.
Belə ki, 2024-cü ilin martından komandanın baş məşqçisi təyin olunan Sebastiyan Minye, ötən 18 ay ərzində heç Haitidə olmayıb. Yəni ki, o, "evdən işləyərək" uğur qazanıb.
Haitililərin çətinliyi bununla bitmir. Belə ki, ölkədəki siyasi qarışıqlıq, paytaxt Port-o-Prinsin silahlı dəstələr tərəfindən idarə olunması və digər səbəblərdən Haitiyə səyahət etmək təhlükəli hesab olunur. Buna görə də yığma bütün ev oyunlarını Kürasao adasında keçirməyə məcbur qalıb. Mövcud duruma görə didərgin düşən milli komanda bütün bunlara baxmayaraq, inkişaf etməyi bacarıb.
52 yaşlı Minye komandanı tamamilə distant şəkildə idarə edib. Taktiki tapşırıqları, oyunçu qiymətləndirmələrini və heyətlə bağlı qərarlarını telefonla verib. O, yalnız oyunlar zamanı komandaya qoşulub.
Haiti yığmasının dünya çempionatına əzmkar irəliləyişi Azərbaycan futbolunun uzun müddətli struktur və sistem problemlərini də bir daha aktuallaşdırır. Ölkənin daxilində meydan tapmayan, ancaq milli ruhla motivasiya olunan Haiti futbolçuları, maliyyə və infrastruktur baxımından daha üstün olan Azərbaycan futbolu üçün acı bir güzgü rolu oynadı.
Onu da xatırlatmaqda fayda var ki, bu ilin martında Haiti yığması Sumqayıta gələrək yoxlama matçında Azərbaycan millisi üzərində "gözlənilmədən" 3:0 hesablı qələbə qazanmışdı. Bu, rəqibin Avropa komandaları üzərində qazandığı ilk qələbə idi. Ötən gecə isə onlar 1974-cü ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazandılar.
Haitinin qələbəsi xüsusi olaraq 18 noyabr - Vertiyer Döyüşü Gününə (Haitinin Qələbə Günü) təsadüf etməsi ilə simvolik məna daşıyır. Onlar Kürasao və Panama ilə birlikdə KONKAKAF-dan DÇ-2026-ya birbaşa vəsiqə qazanan üç komandadan biri oldular. Bu, Haiti xalqının idman vasitəsilə dünyaya verdiyi ümid mesajıdır.