BAKI, 17 noyabr. TELEQRAF
Fransanın PSJ klubu İspaniya təmsilçisi "Atletiko Madrid"in futbolçusu Xulian Alvaresin üçün mümkün transfer variantını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Parislilərin baş məşqçisi Luis Enrike 25 yaşlı argentinalı hücumçunun çıxışını bəyənir və onu sərəncamında görmək istəyir.
Alvareslə "Barselona" və bir neçə İngiltərə klubu da maraqlanır.
"Atletiko Madrid"in onun üçün 120 milyon avro tələb etdiyi bildirilir.
Qeyd edək ki, Xulian Alvares bu mövsüm meydana çıxdığı 15 oyunda 9 qol və 4 məhsuldar ötürmə müəllifi olub.