BAKI, 6 noyabr. TELEQRAF
“Əvvəlcə azarkeşlərimizi təbrik etmək istəyirəm. Bizi qarşıda çox böyük zəfər bayramı gözləyir. Nəticəyə görə yox, yaxşı mübarizə apardıqlarına görə oyunçularıma təşəkkür edirəm. Sona kimi döyüşdülər, azərbaycanlı xarakteri göstərdilər. Bəli, bu gün bir xal qazandıq. Bu cür oyunlar bizə çox böyük inam verir. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. “Napoli”, “Ayaks” bəlkə də, bizə 3 xal gözü ilə baxır, ona görə də bu oyunlara hazırlaşmalıyıq. Xallarımızın üzərinə xal gəlibsə, bunu qazanmış hesab edirəm. Bu gün xal qazanmaya da bilərdik”.
Teleqraf-ın məlumatına görə, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Kənarda bu qədər soyuqqanlı qalmağı necə bacarırsınız?
- Bu, bəlkə də mənim xarakterimlə bağlıdır. Nə var, odur. Əlavə düşünüləsi bir şey yoxdur.
- “Çelsi”yə 10 nəfərlə qol vurdunuz...
- Ola bilər ki, rəqib həmin anda bir az diqqətsiz oldu. Şans düşdü, ondan da yararlana bildik. Həmin epizodda Duran çox yaxşı mübarizə apardı. Belə hallar olur. Futbol buna görə sevilir.
- İlk 24-lük üçün nə düşünürsünüz?
- İlk gündən fikirlərimi demişdim ki, “Qarabağ” daha çox təcrübə toplayıb. Heyətimizdə yeni futbolçular var idi ki, nə Avropa Liqası, nə də Konfrans Liqasını görmüşdülər. Düzünü desəm, qrupa düşəndə bir az narahatlığım var idi ki, nəhəng klublarla qarşılaşmalarda bir az özlərini itirərlər. Amma şükürlər olsun, bir-birimizə inam nəticəsində mübariz komanda yarandı. Qrupa kimi məndə inam var idi. Qarşımıza da həmin an məqsəd qoymuşduq. Bizim şansımıza gəlincə, ilk gündən demişəm ki, belə bir imkan varsa, bundan maksimum yararlanmağa çalışacağıq. Bunun üçün daha çox məşq edib uğur dalınca qaçmalıyıq.
- 2017-ci ildə “Çelsi” ilə matçdan sonra demişdiniz ki, “mənə pis təsir edən o oldu ki, bizə kiçik komanda gözü ilə baxırlar. Bu dəfə “Çelsi”nin start heyətini görəndə düşündünüzmü ki, rəqibi cəzalandırmağın vaxtıdır?
- Belə böyük komandalarda ikinci heyət olmur. İlk dəfə deyil ki, bizə qarşı bu heyətlə çıxış etdilər. Rəqib rotasiya etmək məcburiyyətindədir. Bu klublar inanmıram rəqibə yuxarıdan aşağı baxsınlar. Zadəganlar klubudur, həmişə centlmen davranırlar.
- Oyun zamanı zədələnən Kadinin durumu nə yerdədir?
- Dəqiq bir söz deyə bilməyəcəm. Amma zədəsi ciddiyə oxşayır. Sanki ayağında kiçik sümüklərdən biri qırılıb. Amma daha dəqiqini MRT müayinəsindən sonra demək olar.
- “Qarabağ”da qalıb Aleks Ferquson kimi olmaq istərdiniz, yoxsa ayrılıb Joze Mourinyo, Qvardiola kimi olmaq?..
- Anam məni dünyaya Qurban Qurbanov kimi gətirib. Qurban Qurbanov kimi olmağım məncə, daha yaxşıdır. Məncə, suallar bitdi, gedək “Qalatasaray”a azarkeşlik edək (gülür).