BAKI, 4 noyabr. TELEQRAF
"Sabah böyük komandaya qarşı oynayacağımızın fərqindəyik".
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Çelsi” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
O, səbirli və mübariz olmalı olduqlarını bildirib: "Sabah bütün Azərbaycanın gözü bizdə olacaq. Rəqibi analiz etmişik. Fərqli sistemdə oynayırlar. Komandanın güclü futbolçuları var. Hazırıq, amma diqqətli olmalıyıq". Mənim xarakterim elədir ki, aqressivlik, çılğınlıq var. Amma yaxşı məşq edirəm ki, hər iki tərəfdən bu mənə fayda versin".
Cəfərquliyev birəbir mübarizələrdə diqqətli olacağını söyləyib: “Bu cür böyük oyunlarda temp yüksək olur. Birəbir mübarizələrdə oynayarkən diqqətli olmaq lazımdır. Bu cür oyunlarımız olur. Matçda kart almağı yox, top almağı düşünürəm. “Çelsi“nin zəif cəhətlərindən danışmasaq yaxşıdır. Onları yaxşı analiz etmişik. İnanırıq ki, sabah bunlardan yararlana biləcəyik”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.