BAKI, 4 noyabr. TELEQRAF
"Bizi çox maraqlı oyun gözləyir. Güclü tarixə malik klubların Azərbaycana gəlməsi, belə futbolçuları Bakıda canlı görmək əlavə stimuldur".
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Çelsi” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis matça hazırlıq barədə danışıb: "Pis hazırlaşmamışıq. Sabah mübariz oyun göstərmək istəyirik. Futbolçularıma inanıram. Azarkeşlərimizin razı qalacağına ümid edirəm".
O, rəqibin Bakıya oyun günü gələcəyini belə şərh edib: “İnanmıram ki, "Çelsi" kimi böyük klublara belə hallar pis təsir etsin. Çox olur belə hallar. Bu komandalar üçün oyun günü meydana çıxmaq problem yaratmır. Bizdə də belə hallar baş verib, oyun günü stadionu hiss etmişik. Bizim üçün bu amil əlavə stimul olmamalıdır. Bu, onların işinə nə qədər ciddi yanaşdıqlarını göstərir. Çünki saat fərqi çoxdur. Biz buna görə özümüzdə rahatlıq tapmamalıyıq. Belə komandaların bir-iki oyunçusunu müzakirə etməyə dəyməz. Biri yoxdur, beşi var. Heyətləri genişdir. Əksinə onların oyun sisteminə uyğunlaşmalıyıq. Belə hallarda ciddi fərq hiss olunmur. Bəzən olub ki, digər oyunçular oynadıqda bizə böyük problemlər yaradıblar. Yəni bu amil o qədər önəm daşımır".
Qurbanov böyük komandalara qarşı qələbənin önəmli olduğunu söyləyib: "Reallığa baxsaq, bu gün kiçik futbol ölkəsi kimi tanınırıq. Bu cür rəqiblərə qalib gəlməyimiz bizim üçün böyük hadisədir. İngiltərə Premyer Liqası başqa səviyyədir, dünyanın ən güclü çempionatıdır. Bütün hallarda digər ölkələri üstələyir. Biz məğlub olsaq da duruşumuz var. İnamlı mübarizə aparmağı bacarmalı, azarkeşlərimizi mübariz oyuna görə sevindirməliyik. Hər bir halda onların Bakıya gəlməsi, onlara qarşı mübarizə aparmaq bizə xoşdur və əlavə motivasiyadır. 2017-ci illə bu ili müqayisə etsək, futbol çox inkişaf edib. Əvəllər bizim onlardan zəif cəhətlərimiz çox idi, amma indi təcrübəmiz çoxalıb. İngiltərə Premyer Liqası çox inkişaf edib. Bu gün nə qədər təcrübəli olsaq da, “Çelsi” daha çox inkişaf edib. Bakıda dünya çempionuna qarşı oynamaq bizim üçün əlavə stimuldur".
"Qarabağ"ın baş məşqçisi yanvarda komandaya yeni hücumçunun transfer ediləcəyini açıqlayıb: "Yeni hücumçu transferi istəyirik. Biz həmişə transfer pəncərəsindən faydalanmaq istəyirik. Nəticənin heç bir fərqi yoxdur. Transfer işimiz daim davam edir".
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.