BAKI, 20 oktyabr. TELEQRAF

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Atletik”ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Teleqraf xəbər verir ki, o, bu gün İspaniyaya səfərə yollanarkən jurnalistlərə açıqlama verib:

“Üstünlük rəqib tərəfdədir. Çünki həm öz meydanlarında oynayırlar, həm də bu oyuna çox ciddi şəkildə hazırlaşacaqlar, həm də hələlik xalları yoxdur. Amma biz yenə də çalışacağıq ki, sona qədər bu komandaya qarşı maksimum dözümlü olaq. Ümumiyyətlə, onların son oyunlarına baxmışam, oyunun dinamikası çox yüksək olur və çox sürətlə hücumlar edirlər. Bəlkə də topu rəqibin cərimə meydançasına ən tez çatdıran komandalarından biridir. Bu, həm bizim, həm də rəqib üçün vacib oyundur. Çalışacağıq ki, ən yaxşısını, ən doğrusunu edək və yaxşı nəticə ilə qayıdaq”.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.