BAKI, 1 oktyabr. TELEQRAF

Arif Əsədovun 21 yaşadək futbolçulardan ibarət U-21 milli komandaya baş məşqçi təyin olunması xəbərləri həqiqəti əks etdirmir.

Bu barədə Teleqraf-a 55 yaşlı mütəxəssis özü açıqlama verib.

Azərbaycan millisinin sabiq məşqçisi AFFA-dan onunla əlaqə saxlanılmadığını bildirib: “Mənə hər hansı təklif olunmayıb. Bu xəbərlər həqiqi deyil. Gələcəkdə belə bir vəziyyət olarsa, onda danışmaq olar”.

Əsədov həmçinin Ayxan Abbasovun milli komandanın baş məşqçisi təyin olunmasına münasibət bildirib: “Ayxan Abbasovu təbrik edir, ona uğurlar arzu edirəm. AFFA-nın verdiyi qərarı dəstəkləyirəm. Yerli mütəxəssisə bu tapşırığın verilməsi doğru addımdır. Çətin bir işdir, qarşıda çətin oyunlar olacaq. Uğurlar arzu edirəm və Ayxan müəllimin möhkəm olmasını diləyirəm”.

Qeyd edək ki, U-21 milli komandasına 2025-ci ilin martından Ayxan Abbasov baş məşqçi təyin olunmuşdu. Abbasov A milli komandanın baş məşqçisi təyin olunduğu üçün yığmaya yeni mütəxəssis axtarışları davam edir.