BAKI, 17 sentyabr. TELEQRAF
“Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla qələbə qazandılar”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda səfərdə Portuqaliya “Benfika”sını 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis məğlub ola biləcəklərini də istisna etməyib: “Çünki oyunadək üstünlük rəqib tərəfdə idi. Hətta ilk hissənin əvvəllərində iki top geri düşdükdən sonra oyunu çevirmək heç də asan görünmürdü. Amma futbolçularımdakı inam və sınmamaq, oyundan qopmamaq və vurduğumuz ilk qol bizə qalibiyyətdə kömək etdi.
O demək deyil ki, biz udmuşuqsa “Benfika” bizdən zəif idi. Qətiyyən yox. Rəqib həm topla davranmağı bilən, həm də taktiki baxımdan ağıllı futbol oynayan kollektivdir. Matçdan bir gün əvvəl də demişdim ki, futbolçularım daha çox əziyyət çəkəcək və daha istəkli olacaqlar. Böyük bir qələbə əldə etdik. Bu, Azərbaycan futbolu və klubumuzun tarixində bir ilkdir. Futbolçuları, azərbaycanlıları təbrik edirəm. “Benfika”ya qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
“Son vaxtlar futbol elə səviyyəyə gəlib çıxıb ki, asan element yoxdur. Çünki qarşı-qarşıya 11 futbolçu, 11 düşünən beyin olur. Bu, heç də asan sayılmaz. Sadəcə ilk dəqiqələrdən futbolçularıma bildirdim ki, biz bu oyundan həzz almalıyıq. Bura Çempionlar Liqasıdır. Üstlərinə çox gedirdim ki, daha cəsarətli olmalıyıq. İstənilən halda öz oyunumuzu axtarıb tapmalı və buna davam etməyə çalışmalıyıq. Bəli, səhvlər də, top itkiləri də olacaqdı. Çünki qarşımızda daha usta komanda dururdu. Buna baxmayaraq, yenə də öz oyunumuzdan əl çəkməli deyilik. Deyirdim ki, riskə getmək lazımdır. Futbolçularım da bu tapşırıqlarımı etdilər. Hətta bəzi məqamlarda qapımızda qol görə bilərdik, bəsit epizodlar oldu. Amma inanın ki, bunu asan qələbə saymırıq. Bu zəfər bizə yazılmışdı”, - deyə qeyd edib.