BAKI, 28 avqust. TELEQRAF

ABŞ-nin “İnter Mayami” klubu Liqa Kubokunun finalına yüksəlib.

Teleqraf xəbər verir ki, Xavyer Maskeranonun yetirmələri turnirin yarımfinal matçında "Orlando Siti"yə qalib gəliblər (3:1).

Görüşdə hesabı birinci hissənin sonlarında “Orlando”nun xorvat futbolçusu Marko Paşaliç açıb. David Brekalonun meydandan qovulmasından sonra “Orlando” 75-ci dəqiqədən meydanda 10 nəfərlə qalıb.

Qarşılaşmanın 77-ci dəqiqəsində “İnter Mayami”nin super ulduzu Lionel Messi penaltidən hesabı bərabərləşdirib. Cəmi 11 dəqiqə sonra Messi daha bir qol vuraraq, dubla imza atıb. Matçın son dəqiqələrində uruqvaylı hücumçu Luis Suaresin ötürməsini Telasko Seqoviya qola çevirib.

"İnter Mayami" Liqa Kubokunun finalında “Los Anceles Qalaksi” – “Sietl Saunders” matçının qalibi ilə qarşılaşacaq.