BAKI, 15 may. TELEQRAF

Mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvar ərazisində “Fan Zona” təşkil olunub.

Teleqraf xəbər verir ki, “Fan Zona”da müxtəlif attraksionlar və əyləncə bölmələri fəaliyyətə başlayıb.

Zonanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib.

“Fan Zona”da gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən “Yaşat” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə Azərbaycan milli komandasının üzvləri və digər qonaqlar iştirak edib.

Nazir və federasiya prezidenti tədbir iştirakçıları ilə görüşüb, "Fan Zona" ilə tanış olublar.

Qeyd edək ki, mayın 21-də start götürəcək dünya çempionatında 32 ölkə mübarizə aparacaq. Azərbaycan millisi A qrupunda ilk görüşünü mayın 21-də Bəhreynə qarşı keçirəcək. Oyun saat 20:30-da başlayacaq. İki gün sonra Sloveniya ilə üz-üzə gələcək milli saat 20:45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fiti saat 19:30-da çalınacaq. Mundiala iyunun 1-də yekun vurulacaq.

Bütün oyunlar Milli Gimnastika Arenasında keçiriləcək.