BAKI, 23 aprel. TELEQRAF
Futbol üzrə Azərbaycan Kubokunun ikinci finalçısı müəyyənləşib.
Teleqraf xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Sabah" evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib (ilk oyun 2:1).
"Bank Respublika Arena"da keçirilən matçda hesabı 23-cü dəqiqədə Masazır təmsilçisindən Cesse Sekidika açıb. Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüşdə "flaqman"ın qolunu 40-cı dəqiqədə Emin Mahmudov vurub.
Bununla da, "bayquşlar" tarixdə ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.
Qeyd edək ki, "Sabah" finalda "Qarabağ"la üz-üzə gələcək. Həlledici oyun mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
*** 18:54
Futbol üzrə Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşib.
Teleqraf xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Araz-Naxçıvan”ı darmadağın edib - 3:0 (ilk oyun - 0:1).
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə ilk qolu 65-ci dəqiqədə Yassin Benzia vurub. 5 dəqiqə sonra Nəriman Axundzadə fərqi artırıb. Görüşün 77-ci dəqiqəsində Toral Bayramov penalti zərbəsindən vurduğu qolla yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, kubokun digər yarımfinal görüşündə “Sabah” “Neftçi”ni qəbul edəcək. "Bank Respublika Arena”da baş tutacaq cavab qarşılaşması saat 20:00-da start götürəcək.