
BAKI, 15 aprel. TELEQRAF
Türkiyənin Antalya şəhərində keçiriləcək "Junior World Cup" turnirinə "Qarabağ"ın U-15 komandası ilə bərabər 23 komanda qatılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Rauf Əliyevin yetirmələri B qrupunda yer alacaq. Aprelin 17-də "Titanic Football Center"də keçiriləcək qrup mərhələsində komanda 3 matça çıxacaq. “Qarabağ” saat 9:00-da “Fulhem”, 14:00-da “Qaziemir Gündoğan”, 18:00-da isə “Muratlı Yıldızspor”la görüşəcək.
Yarışda "Qarabağ"la yanaşı, daha bir neçə məşhur klub kubok uğrunda mübarizəyə qoşulacaq. Onların arasında “Fulhem” (İngiltərə), “Ştutqart” (Almaniya), “Rayo Valyekano” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Lex” (Polşa), “Aspire Akademi” (Qətər) və “Dinamo” (Tbilisi, Gürcüstan) yer alıb.
"Qarabağ" səfərə 18 futbolçu ilə yollanacaq. Baş məşqçi Rauf Əliyevin rəhbərlik etdiyi komandada Cəfər Rəhmanov, Oktay Mehrəliyev, Yüzarsif Mehdiyev, Vaqif Nəbiyev, Roman Fərzəli, Arda Əzizli, İbrahim Sadıqlı, Davud Abdullayev, Xalid Hüseynov, Əhəd Hacızadə, Murad İsmayılov, Ömər Fətəliyev, Məhəmməd Məmmədov, Cavidan Əlizadə, Daniil Rəcəbov, Yunis İsmayılov, Samir Həsənov və Tunar Əsgərzadə yer alacaq.