BAKI, 15 aprel. TELEQRAF

“Qarabağ” futbol klubunun aşağı yaş qruplarından ibarət komandaları “Sərhədçi” İdman Mərkəzində məskunlaşmağa başlayıb.

Bu barədə Teleqraf-a klub akademiyasının meneceri Nail Kərimov məlumat verib.

Funksioner “Qarabağ” akademiyası üçün yeni ərazi tapılana qədər yaş qruplarının "Sərhədçi"də fəaliyyət göstərəcəyini bildirib. Onun sözlərinə görə, bütün hazırlıqlar yekunlaşıb, tezliklə “köç” baş tutacaq: “Klub rəhbərliyinin akademiyanın tikilməsi ilə bağlı fikirləri əvvəlki kimidir. Yer axtarışları davam edir, uyğun məkan olduqda akademiyanın inşasına başlanılacaq. O zamana qədər “Sərhədçi” İdman Mərkəzi və Tofiq Bəhramov adına Respublika stadionunun süni örtüklü meydanlarında yerləşmişik. Hazırda "Sərhədçi"nin mini-meydanlarının ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulur. Aşağı yaş qruplarından ibarət komandalarımızı da aparmağı düşünürük ki, hamı “Sərhədçi”yə, vahid olaraq bir yerə cəmləşsin. Rayonlardan gələn futbolçuları da “Sərhədçi”dəki otelə yerləşdirəcəyik. Yeni akademiya inşa olunana qədər biz oranın imkanlarından maksimum istifadə edib, “Qarabağ” akademiyasının təlim-məşq bazasına çevirməyə çalışırıq. Yaşayış, meydan məşqləri, fitnes kimi məsələləri orada yoluna qoymağı düşünürük”.

Kərimov məşq üçün meydanın süni örtüyünün 10 ay öncə dəyişdirildiyini vurğulayıb: “Hazırda dəyişməyə çalışdığımız da üstü örtülüdür, oranın da süni olması normaldır. İşıqlandırma sistemi də yenilənib. Hazırda təbii meydan yoxdur. Çünki “Sərhədçi”də bir böyük stadion var. Bizim məşqlərimiz də saat 12:00-da başlayır, axşam saat 21:00-a qədər fasiləsiz davam edir. Bu məşqlər təbii meydanda olsa, örtüyü qısa vaxtda keyfiyyətini itirərər. Amma gələcəkdə yeni akademiya layihəsi həyata keçsə, təbii meydan haqqında fikirləşmək olar”.

Qeyd edək ki, “Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaların bir hissəsi “Neftçi baza” kimi tanınan cüdo üzrə milli komandaların Təlim-məşq Mərkəzində məşq keçirdi.