
BAKI, 6 aprel. TELEQRAF
"Bu tip oyunlarda meydanda daha çoxunu verməlisən".
Teleqraf xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski evdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis komandasının pis oyun sərgilədiyini bildirib: "Kimdənsə güclü olduğumuzu fikirləşərək meydanda qaçmayacağıqsa, döyüşməyəcəyiksə, mübarizə aparmayacağıqsa, turnir cədvəlində bizdən aşağı olan komandalara qarşı həmişə bu cür hesablar olacaq. Bu tip oyunlarda meydanda daha çoxunu verməlisən".
O, Azərbaycan Kubokunun 1/2 final mərhələsində "Neftçi" ilə ilk oyundan sonra mətbuat konfransını erkən tərk etməsinin səbəbini də açıqlayıb: “Burada heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Sadəcə, bu, futboldur. Belə emosiyalar olur. Bu oyun ətrafında çoxlu söz-söhbətlər var idi. Həmçinin də komandamızın sabiq kapitanı “Neftçi”də olanda çox qeyri-peşəkar davranış sərgiləmişdi".
Berezutski "Sabah"ın turnir cədvəlində "Turan Tovuz"a yaxınlaşmaq fürsətini əldən verməsini şərh edib: "Hər oyunda qələbə qazanmalıyıq. Amma bu cür yanaşma ilə çətin olacaq. Bir ayaqla qalib gəlmək olmaz".