BAKI, 6 aprel. TELEQRAF

"Futbolçuların üzərində böyük təzyiq var".

Teleqraf xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis istədikləri nəticəni əldə etdiklərini bildirib: "Maraqlı oyun alındı. Qolumuzu vurub müdafiəyə çəkildik. Əks-hücumlarda oynamağa çalışırdıq. İstədiyimiz nəticəni əldə etdik".

O, aşağı pillərdə olan komandalarla oyunda xal itirmələrini, yuxarıda olanları isə məğlub etməklərini belə şərh edib: "Futbolçuların üzərində böyük təzyiq var. Turnir cədvəlində bizə yaxın olan komandalarla oyunda özüm qarışıq futbolçular da nə isə itirəcəyimizdən qorxuruq, məsuliyyətimiz daha çox olur. Amma belə matçlarda qorxacaq bir şey olmur, daha rahat olursan. Psixoloji cəhəddən söhbətlər eləməliyik, effektiv olacağını bilmirik, mövsümün sonuna az qalıb.

Azər Bağırov "Səbail"lə Premyer Liqada mübarizənin davam etdiyini diqqətə çatdırıb: "Hələ qarşıda 7 tur var. Döyüş davam edir. Axıra qədər mübarizə aparmaq lazımdır".

Baş məşqçi "Kəpəz"dəki gələcəyi barədə suala cavab verə bilmədiyini deyib: "Mənim missiyam var. Bir məşqçi olaraq bu missiyanın öhdəsindən gəlməliyəm. Digər məsələləri danışmaq ikinci növbədədir. Rəhbərliklə danışıqlarda müsbət fikirlər var. İnanıram ki, gələn mövsüm daha yaxşı "Kəpəz" görəcəyik".