
BAKI, 6 aprel. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasının XXIX turunun daha iki oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, ilk olaraq “Sabah” “Bank Respublika Arena”da “Kəpəz”i qəbul edəcək.
Baş hakim Rauf Cabarovun idarə edəcəyi görüş saat 17:00-da start götürəcək.
Komandalar arasında keçirilən son üç oyunda 4 və ya daha çox qol qeydə alınıb. “Bayquşlar” hər matçda 2 və ya daha çox qol vurub.
Günün digər oyununda isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Zirə”ni qonaq edəcək.
Saat 19:30-da başlayacaq qarşılaşmada ədaləti çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov qoruyacaq.
“Köhlən atlar” “qartallar”la son 6 matçda qol vurub. Son üç görüşdə 4 və ya daha çox top qeydə alınıb.
28 turdan sonra “Qarabağ” 67 xalla vahid liderdir. 12 xal geridə olan “Zirə” ikinci, aktivində 36 xal olan “Sabah” 5-cidir. Gəncə təmsilçisi isə 24 xalla 9-cu pillədə qərarlaşıb.
Turun digər qarşılaşmalarında “Şamaxı” evdə “Neftçi” ilə, “Araz-Naxçıvan” isə “Sumqayıt”la üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXIX turunun açılış matçında “Səbail”lə “Turan Tovuz” qolsuz heç-heçəyə razılaşıb.
Azərbaycan Premyer Liqası
XXIX tur
6 aprel
17:00. "Sabah" – "Kəpəz"
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
"Bank Respublika Arena"
19:30. "Qarabağ" – "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu