
BAKI, 1 aprel. TELEQRAF
“Mənim üçün əlamətdar matçdır, sabiq klubuma qarşı oynayacağam".
Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin futbolçusu Elvin Camalov "Sabah" komandası ilə keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal oyunları barədə danışarkən deyib.
30 yaşlı yarımmüdafiəçi finala vəsiqəni hədəflədiklərini bildirib: "Bunun üçün həm şəxsən özüm, həm də komanda şəklində əlimizdən gələni edəcəyik”.
Təcrübəli oyunçu “Sabah”la görüşə əlavə motivasiya ilə hazırlaşdığını bildirib: “Hər oyuna olduğu kimi, bu oyuna da ciddi hazırlaşırıq. Amma mənim üçün xüsusi motivasiyalı matçdır. Çünki avrokuboklara ən yaxın yol kubokdur. Bunun məsuliyyətini dərk edirik. Bu mərhələ iki oyundan ibarətdir. Birinci matçda da, ikincidə də əlimizdən gələni edəcəyik. Ümid edirəm və inanıram ki, finala vəsiqə qazanan tərəf biz olacağıq”.
Qeyd edək ki, "Neftçi" və “Sabah” komandaları arasında ilk görüş aprelin 2-də keçiriləcək. “Neftçi Arena”da təşkil olunacaq qarşılaşma saat 19:30-da start götürəcək. Cavab oyunu aprelin 23-də olacaq.