BAKI, 24 mart. TELEQRAF

“Minskdəki oyunumuz çoxdan olub, amma Bakıdakı matçı çox yaxşı xatırlayıram. Sabah bizi çox çətin oyun gözləyir”.

Teleqraf xəbər verir ki, bu sözləri Belarus millisinin futbolçusu Kirill Peçenin martın 25-də Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən öncə mətbuat konfransında deyib.

28 yaşlı müdafiəçi UEFA Millətlər Liqasında Danimarka - Portuqaliya görüşünün nəgicəsindən təəssüf hissi keçirdiyini bildirib: “Dünən əksəriyyətimiz Portuqaliyanın rəqibimiz olmasını istəyirdik. Hətta Kriştianu Ronaldunun penaltini vura bilməməsinə də sevinmişdik. Bəlkə də son oyunlarında ona qarşı çıxış etmə fürsəti qazanacaqdıq. Heyf ki, bu, mümkün olmadı”.

Azərbaycan millisi ilə daha əvvəl keçirdikləri yoldaşlıq oyunlarını xatırlayan futbolçu millidə "Qarabağ"ın bir neçə üzvünün çıxış etdiyini və yaxşı komanda ilə qarşılaşacaqlarını bildirib: "Rəqib komandanın heyətində çox yaxşı futbolçular var. Xüsusən, "Qarabağ"da çıxış edən oyunçuları qeyd edərdim. Avropa kuboklarında çıxış etdikləri üçün böyük təcrübəyə malikdirlər”.

Peçenin meydan amilinin də oyunlarına təsir edəcəyini vurğulayıb: "Əlbəttə, süni örtüklü meydan əvəzinə təbii örtüklüsü daha yaxşıdır. Lakin Belarusdakı mövcud şəraitlə əlaqədar bütün oyunçular hər iki meydana öyrəşiblər. Təbii meydanda oynamağımız müsbət haldır".

Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan - Belarus oyunu sabah saat 21:45-də start götürəcək.