SUMQAYIT, 23 mart. TELEQRAF

"Futbolda hər cür nəticə olur".

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Səbuhi Abdullazadə Haiti yığmasına 0:3 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra deyib.

24 yaşlı yarımmüdafiəçi meydana qələbə qazanmaq üçün çıxdıqlarını bildirib: “Təəssüflər olsun ki, məğlub olduq və azarkeşləri sevindirə bilmədik. Növbəti oyunlarda ölkənin adını daha layiqli şəkildə təmsil etmək üçün qələbələr qazanmağa çalışacağıq”.

“Sumqayıt” klubunun üzvü yığma komandada debüt oyununun doğma şəhərində keçirməsini belə şərh edib: “Milli üçün harada oynamağın fərqi yoxdur, əsas qələbə qazanmaqdır. Debüt oyunumun Sumqayıtda olması xatirə olaraq yaxşıdır”.

O, komanda yoldaşlarının təlim-məşq toplanışında yüksək əhval-ruhiyyədə olduqlarını vurğulayıb: “Kiçiyindən böyüyünə, təcrübəlisindən mənim kimi debüt edənlərə qədər hamı milli komandada çıxış etməyin yükünü bilir. Heç kim meydana məğlub olmaq üçün çıxmır. İstər-istəməz məğlub olduq”.

Millinin debütantı martın 25-də Belarusla keçirəcəkləri yoldaşlıq oyunu barədə də danışıb: “Haiti ilə oyunu yaddan çıxarmalıyıq. Meydanda baş məşqçi Fernandu Santuşun tapşırıqlarını yerinə yetirməyə çalışacağıq”.