BAKI, 23 dekabr. TELEQRAF
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 2025-ci il üzrə yekun hesabatını təqdim edib.
Teleqraf xəbər verir ki, təqdimat tədbirində dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media təmsilçiləri və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi açılışında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti, 2025-ci il ərzində görülən işlər, həyata keçirilən institusional islahatlar və peşəkar inkişaf istiqamətləri vurğulanıb.
AQC-nin sədri Vüqar Oruc açılış nitqində bildirib ki, Cəmiyyətin əsas məqsədi ölkədə qiymətləndirmə fəaliyyətinin şəffaflığının artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunun daha da möhkəmləndirilməsidir. O, AQC-nin dövlət qurumları, parlament üzvləri və özəl sektorla əməkdaşlığının genişləndirildiyini, bu istiqamətdə ardıcıl və sistemli işlərin görüldüyünü diqqətə çatdırıb.
2025-ci il üzrə yekun hesabat videoçarx formatında təqdim olunub. Hesabatda il ərzində həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar, təlim və seminarlar, regionlarda qiymətləndirmə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər qeyd olunub.