BAKI, 24 dekabr. TELEQRAF
Tarixin son yüz ili Azərbaycan üçün daha çox siyasi baxımdan keşməkeşli olub. Cümhuriyyətdən miras qalan torpaqlar ermənilərin həyata keçirdiyi məkrli planla Azərbaycandan alınaraq Ermənistana birləşdirilir. Ötən əsrin 90-cı illərində isə ermənilər daha bir “revanş” götürərək Qarabağ və ətraf əraziləri işğal edir. Lakin 2020-ci ildə tarixi ədalət məhz Azərbaycan xalqının lideri İlham Əliyev tərəfindən bərpa olundu. İlham Əliyevin əldə etdiyi Qarabağ Zəfəri son yüz ilin Türk tarixinə qızıl hərflərlə yazıldı.
Teleqraf xatırladır ki, bu gün- 24 dekabr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 64 yaşı tamam olur.
İlham Əliyev ömrünün 64 ilinin demək olar ki, böyük hissəsini Azərbaycana, xalqa həsr edib.

64 il əvvəl
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Həmin dövrdə Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
Siyasi fəaliyyət
İlham Əliyev 1995-ci və 2000-ci illərdə Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə İlham Əliyev xalqın etimadını qazanaraq yenidən prezident seçilib. 2013-cü ildə üçüncü, 2018-ci ildə dördüncü müddətə Azərbaycan Respublikasının Prezidenti seçilib.
7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində 92,12% səs ilə qalib gəlib.

Ölkəni tərəqqiyə aparan yol
İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ötən 22 il ərzində mədəniyyət, elm, səhiyyə, sosial, humanitar, elm və digər sahələrdə görülən işlər saymaqla bitməyəcək.
Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004, 12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir.
Gənclər siyasəti
İlham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzalayıb və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırıb. Buna uyğun olaraq o, 16 aprel 2007-ci ildə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təsdiq edib.

Gələcəyə imza atan konsepsiya
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkişafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətləri nəzərdə tuturdu. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində İlham Əliyev tərəfindən təstiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunub. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanıb və Xarici Siyasət jurnalında nəşr olunmuş məruzədə də qeyd olunub. İqtisadi sahədə ixtisaslaşmış “The Business Year” jurnalı İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirib.

Qarabağın azadlığına aparan yol
İlham Əliyev sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edib. İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində keçmiş “Dağlıq Qarabağ” problemi beynəlxalq aləmin gündəmində yer aldı. Beynəlxalq təşkilatlarda ard-arda qəbul edilən qərarlar Qarabağ probleminin həllini və məcburi köçkünlərin geridönüş istəyini ortaya qoymuş oldu.
Nəhayət, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. 2020-ci ilin sentyabrında düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Heç şübhəsiz ki, Qarabağ Zəfəri Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Bu gün bu Zəfər diplomatiya masasında davam edir. Əminliklə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfəri davam edəcək.