BAKI, 24 dekabr. TELEQRAF
Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə Ankarada qəzaya uğrayan təyyarədə həlak olan Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddad və onu müşayiət edən nümayəndə heyəti ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Teleqraf xəbər verir ki, Dibeybə bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, açıqlamada bildirib ki, rəsmi səfərdən sonra Liviyaya qayıdarkən baş verən faciəli qəza nəticəsində Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad, Quru Qoşunlarının komandanı Feyturi əl-Qribil, Hərbi İstehsalat İdarəsinin komandanı briqada generalı Mahmud əl-Kətavi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əsəvi Diyab, eləcə də Baş Qərargahın Mətbuat Ofisinin fotoqrafı Məhəmməd Məhcub həlak olublar.
Baş nazir qeyd edib ki, bu itki təkcə hərbi qurumlar üçün deyil, bütün Liviya xalqı üçün böyük zərbədir. Onun sözlərinə görə, ölən şəxslər vətənə sədaqət, məsuliyyət və milli bağlılıq baxımından nümunə olublar.
Dibeybə mərhumların ailələrinə və silahdaşlarına dərin hüznlə başsağlığı verib, Allahdan onlara rəhmət, yaxınlarına isə səbir və təsəlli diləyib.