BAKI, 24 dekabr. TELEQRAF

Liviya nümayəndə heyətini daşıyan təyyarənin Ankara vilayətinin Haymana rayonunda qəzaya uğraması ilə bağlı Ankara Respublika Prokurorluğu tərəfindən istintaqa başlanılıb.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlayıb.

Məlumata görə, Ankara Esenboğa hava limanından Liviyanın paytaxtı Tripoliyə uçmaq üçün havaya qalxan və göyərtəsində Liviyanın Baş Qərargah rəisi, general-polkovnik Məhəmməd Əli əl-Həddadın da olduğu reaktiv təyyarə naməlum səbəbdən Haymana rayonunun Kesikkavak kəndi ərazisində dağlıq sahəyə düşüb.

Yılmaz Tunç bildirib ki, hadisə ilə bağlı Ankara Respublika Prokurorluğu tərəfindən araşdırma aparılır. Onun sözlərinə görə, istintaq çərçivəsində bir prokuror müavini və dörd prokuror təyin edilib.

Nazir vurğulayıb ki, araşdırma bütün istiqamətlər üzrə və böyük diqqətlə davam etdirilir. Hadisə yerində axtarış-xilasetmə işləri aparılıb və təyyarənin qalıqlarına artıq aşkarlanıb.