BAKI, 24 dekabr. TELEQRAF
BRİKS birliyinə yeni üzvlərin qəbul olunması ilə bağlı konkret meyarlar formalaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Braziliyanın Rusiyadakı səfiri Serjio Rodriges dos Santos "TASS"a müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, Braziliyanın sədrliyi dövründə yeni üzvlərin qəbulu məsələsi müzakirə olunmayıb və diqqət əsasən birliyə yeni qoşulan ölkələrin BRİKS-ə inteqrasiyasına yönəlib.
“Gələcəkdə bu məsələ yenidən gündəmə gələ bilər. Artıq BRİKS çərçivəsində yeni ölkənin qəbuluna dair müəyyən meyarlar mövcuddur”, – deyə o qeyd edib.
Rodriges dos Santosun sözlərinə görə, həmin meyarlara namizəd ölkənin qonşuları ilə yaxşı münasibətlərə malik olması, eləcə də birtərəfli sanksiyaların tətbiqinə qarşı mövqeyi daxildir. O vurğulayıb ki, yeni üzvün qəbulu yalnız konsensus əsasında mümkündür.
Diplomat xatırladıb ki, Braziliyanın 2025-ci ildə BRİKS-ə sədrliyi dövründə İndoneziya birliyə tamhüquqlu üzv kimi qəbul olunub, Vyetnam və Nigeriya isə tərəfdaş ölkə statusu alıb. Onun sözlərinə görə, əsas prioritet yeni üzvlərin və tərəfdaşların BRİKS-in iş mexanizmlərinə, prosedurlarına və davam edən müzakirələrə uyğunlaşdırılması olub.
Səfir əlavə edib ki, cari il ərzində, Braziliyanın sədrliyi müddətində BRİKS-ə yeni üzvlərin qəbulu ilə bağlı ayrıca müzakirələr aparılmayıb.