
SUMQAYIT, 23 mart. TELEQRAF
“Klubumda problemim futbolla bağlı deyil. Çünki mümkün deyil ki, daim 90 dəqiqə meydanda oynayırsan və birdən-birə “18-liy"ə düşmürsən. Baş məşqçi probleminin olduğunu da düşünmürəm”.
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda üzləşdiyi çətinliklər barədə danışarkən deyib.
28 yaşlı hücumçu II Bundesliqa təmsilçisindən ayrılacağı barədə söz-söhbətlərə ilk dəfə aydınlıq gətirib: “Nürnberq”dən getməyi düşünmək üçün gecdir. Amma belə baxanda, getmək düşüncəsi də olmamışdı. Fikrimcə, mənə tək sualınız bu deyil. Çünki çox dedi-qodular çıxdı. Amma sizə söz verirəm ki, yayda bu barədə danışacağam. Sadəcə, onu deyə bilərəm ki, deyilənlərin çoxu həqiqəti əks etdirmir. Yəni, futbol bu gün dəyişib. Hər kəs öz xeyrini güdür, bu da normaldır. Heç kimdən incimirəm. Dediyim kimi, əsas heyətdə çıxış etdiyim oyundan sonrakı turda heç ehtiyatda da olmadım. Meydandankənar amillər var. Yəni, orada futbola aid problemim yoxdur”.
Qeyd edək ki, Mahir Emrelinin yanvarda Almaniya klubundan Cənubi Koreya “Seul”una keçəcəyi iddia olunsa da, transfer gerçəkləşməyib. Millinin üzvü ötən yay "Nürnberq"lə 1+1 illik müqavilə bağlasa da, klubunun ona 500 min avro qiymət qoyduğu iddia edilir.