
SUMQAYIT. 23 mart. TELEQRAF
“Düşünürəm ki, komandamız meydana qələbə üçün yox, sanki məğlub olmağa çıxmışdı. Ümumi götürsək, narazı qaldım”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Sumqayıtda Haiti yığmasına 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssisin sözlərinə görə, nəticənin belə olacağını bilsəydi, start heyətdə dəyişiklik edərdi:
"Komanda təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərirdi. Hər şey normal gedirdi. Oyunda çox şey dəyişdi. Futbolçularımız ilk hissədə daha yaxşı idilər. Bir neçə qol epizodu yaratmışdıq. İkinci hissə meydançaya daha çox hücumçu daxil etdim ki, cinah ötürmələrindən yararlanaq”.
Portuqaliyalı baş məşqçi eyni anda orta xətdə dəyişiklik qərarını instensivliyi artırmaq niyyəti ilə qəbul etdiyini bildirib: “Fasilənin ardından oyuna daha balanslı başladıq, ikinci qoldan sonra komandamız ruhdan düşdü. Xəyal Əliyev, Səbuhi Abdullazadə və digər oyunçular meydana daxil olandan donra daha çox qol epizodları yaratdıq. Cəhd etdilər, çalışdılar, amma fərqlənə bilmədilər. Şahrudin Məhəmmədəliyev və Bədavi Hüseynov təcrübəli futbolçulardır, gənc oyunçular milliyə gəldikdə onlardan dəstək görməlidirlər. Dünya praktikasında milliləşdirilmiş oyunçular var. Nəzər yetirsək, Pepe 40 yaşında Portuqaliya millisində oynayırdı, amma o braziliyalı idi”.
Santuş beşli müdafiə taktikası ilə indiyədək cəmi iki oyuna çıxdıqlarını xatırladıb. O, müdafiəçilərdən Rahil Məmmədlini cinaha çıxarmasını futbolçunun həm mərkəz, həm də cinah müdafiəçisi kimi oynaya bilməsi ilə əlaqələndirib: "Bu halda Elvin Cəfərquliyev hücumda daha sərbəst olmalı idi. Sırf müdafiəyə oturub əks-hücumlarla oynamağa hazırlaşmamışdıq. Oyunçularıma inanıram, xarakteristikalarına bələdəm. Özümüz bu sxemlə oynamağa qərar vermişdik. Demək olar ki, əsas heyətdə buraxdıqlarımın hamısı öz klublarında daim oynamasalar da, tərcübəlidirlər. Təlim-məşq prosesindən bizimlə idilər. Formadan kənarda deyillər”.
Baş məşqçi Cəfərquliyevin qırmızı vərəqə aldığı epizoddan da söz açıb: “Elvinin özü ilə bu barədə danışdım, bu baş verməməli idi. Amma bu, olubsa onu öldürə bilmərik".
Baş məşqçi Belarusla görüşdə digər gənc futbolçulara da şans verməyi düşündüyünü qeyd edib: “Növbəti oyun bəzi dəyişikliklər olacaq. Matç istədiyimiz kimi keçərsə, Şahin Şahniyarova da şans verəcəyik. O, çox istedadlı oyunçudur. Onun millinin ab-havasına öyrəşməsi vacibdir”.
Təcrübəli mütəxəssis Haiti yığması qol vuranda azərbaycanlı azarkeşlərin onları alqışlamalarına isə belə reaksiya verib: “Əlbəttə, futbolda belə hadisələr baş verir. Azarkeşlər qələbə gözləyirlər. Ümid edirəm ki, bizdə də davamlı qələbə gəlsə, bu alqışları rəqib komanda azarkeşləri də səsləndirə bilərlər”.
Santuş yığmanın oyununda dəyişikliklər etmək istədiyini bildirib: “Mən sözün əsl mənasında inanıram ki, oyun üslubunda dəyişiklik etmək olar. Yenə deyirəm, oyunçuların potensialına uyğun olaraq, hücum futbolu oynaya biləcəyimizi düşünürdüm. Bəlkə də müdafiədə oturub əks-hücumlardan oynamaq daha rahat olar. Dəyişiklikləri oyunda etmək istəyirik ki, rəqiblə başa-baş mübarizə apara bilək. Dəyişiklik etməliyəm və artıq növbəti oyunlarda etməyi düşünürəm. Növbəti oyunda çalışacağıq ki, dəyişiklik edək”.