BAKI, 19 mart. TELEQRAF

“Bank Respublika Arena”dan oyun günü saat 22:30 radələrində sonuncu mən çıxdım. İsti su gəlmədiyindən, hakimlər də, futbolçular da yuyunmadan getdilər. Yəni suyun verilişi sonradan da bərpa edilmədi”.

Bu sözləri Teleqraf-a açıqlamasında AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov Azərbaycan Premyer Liqasında XXVII turun “Zirə” ilə ev oyununda "Sabah" klubunun Əsasnamənin tələblərini pozaraq, 500 manat cərimələnməsi barədə danışarkən deyib.

Hüseynov martın 15-də Masazır qəsəbəsindəki stadionda AFFA nümayəndəsi kimi iştirak etdiyini xatırladaraq, cəzanın oyundan sonra baş verənlərə görə olduğunu açıqlayıb: “Həmin vaxt klublar və hakimlər otağında isti su olmadığına görə cərimə yazıldı. Hakimlər soruşdu: “Erkin müəllim, isti su gələcəksə, gözləyək”. Mən də meydan sahibindən maraqlandım ki, problem aradan qalxacaqmı, gözləsinlərmi? Dedilər: “Yox, Erkin müəllim nə isə olub, həll edə bilmirik. Mən də "Daha problem sizindir” söylədim".

Xatırladaq ki, bir neçə gün öncə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Teleqraf-a açıqlamasında sözügedən problemin dərhal aradan qaldırıldığını bildirmişdi.

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Belarusla yoldaşlıq oyununu “Bank Respublika Arena”da keçirəcək. Görüş saat 21:45-də start götürəcək.