
BAKI, 19 mart. TELEQRAF
AFFA Region Liqasında keçirilən "Salyan OİK" - "Qobustan" oyununda qalmaqal baş verib.
Teleqraf xəbər verir ki, 90+4-cü dəqiqədə qonaq komandanın futbolçusu Tural Nəhmətli hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan qovulub.
Bundan sonra Nəhmətli hakimləri təhqir etməyə başlayıb. Əsəbləri soyumayan futbolçu hətta onların üstünə hücum edərək, vurmağa cəhd göstərib.
Münaqişə oyun bitdikdən sonra da davam edib. Bu dəfə "Qobustan"ın digər futbolçusu Samin Gülməmmədov hakimləri təhqir edib və vurmağa çalışıb. Komandanın baş məşqçisi Elbrus Baxşəliyev isə aranı sakitləşdirmək əvəzinə, özü də futbolçularına qoşularaq, hakimin üzərinə hücum edib, onu vurmağa cəhd göstərib.
AFFA İntizam Komitəsi hər iki futbolçunu 4 oyunluq, baş məşqçini isə 5 oyunluq diskvalifikasiya edib.
Qeyd edək ki, qarşılaşma "Salyan OİK"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.