
BAKI, 19 mart. TELEQRAF
"Bavariya" klubunun qapıçısı Manuel Noyer 2026-cı il dünya çempionatı üçün Almaniya milli komandasına qayıda bilər.
Teleqraf "Bild"ə istinadən xəbər verir ki, hazırda Bundestimin məşqçilər heyəti bu variantı nəzərdən keçirir.
38 yaşlı qolkiper yığma karyerasını 2024-cü ildə başa vurub. Onun milliyə qayıdışı İspaniya "Barselona"sında çıxış edən Mark-Andre ter Ştegenin oyun formasından asılı olacaq. Ter Ştegen zədədən sonra optimal formasını yığa bilsə, Noyerə ehtiyac duyulmayacaq.
Qeyd edək ki, Manuel Noyer "Bavariya"nın heyətində 11 qat Almaniya çempionu, ölkə kubokunun 5 qat, Çempionlar Liqasının 2 qat qalibidir. Almaniya millisinin heyətində isə o, 2014-cü il dünya çempionatının qızıl medalını qazanıb.