
BAKI, 19 mart. TELEQRAF
Argentinanın San İsidro məhkəməsi əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı şahidləri dinləməyə başlayıb.
Teleqraf TN telekanalına istinadən xəbər verir ki, ilk ifadə verənlər təcili yardımla eyni vaxtda hadisə yerinə gələn polis əməkdaşları olub.
Dörd asayiş keşikçisi məhkəmədə ifadə verib və Maradonanın həyatının son günlərini keçirdiyi evdə həmin gün gördüklərini danışıblar. Telekanal polis zabiti Karlos Uqo Karransadan sitat gətirib: “Mən Maradonanın cəsədini görəndə diqqətimi onun mədəsi çəkdi, çox şişmişdi”.
Futbolçunun cəsədini görən ilk zabiti Lukas Farias isə gördüklərindən "çox təəccübləndiyini" söyləyib və futbolçunun qarnının "az qala indicə partlayacaqmış kimi" göründüyünü deyib.
Maradonanın ölümü ilə bağlı məhkəmə prosesində ona baxan tibb işçiləri ittiham olunurlar. Proses ötən həftə başlayıb. İlk gün prokurorluq Maradonanın ölümündən dərhal sonra çəkilmiş fotosunu nümayiş etdirib. Şəkil polislərin ifadəsini təsdiq edir. İclasda təqsirləndirilən şəxslərin vəkilləri israrla bildiriblər ki, narkomaniyadan əziyyət çəkən və səhhətində xroniki problemlər olan Maradonanın ölümünün müvəkkillərinin əməlləri ilə əlaqəsi yoxdur.
2021-ci ilin sonunda Baş Prokurorluq Maradonanın ölümü ilə bağlı işi 2022-ci ilin iyununda məhkəməyə təqdim edib. Həmin vaxt məlum olmuşdu ki, ağırlaşdırıcı şərtlərdə dünya çempionunu qəsdən öldürməkdə təqsirləndirilən səkkiz tibb işçisi mühakimə olunacaq. Aralarında Maradonanın neyrocərrahı Leopoldo Luke, psixiatr Aqustina Kosaçev və psixoloq Karlos Diasın da olduğu müttəhimləri 8 ildən 25 ilə qədər həbs gözləyir.