
BAKI. 16 mart. TELEQRAF
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (ASCO) sponsor kimi Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" futbol klubuna maliyyə yardımını dayandırıb.
Teleqraf-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Cavid Hüseynov açıqlama verib.
37 yaşlı mütəxəssis bildirib ki, bu vəzifəyə təyin olunduğu 2024-cü il noyabrın 12-dən kluba heç bir dəstək göstərilməyib: "Sponsorumuz komandadan əl çəkib. Mən gələndən bəri hansısa maddiyatdan söhbət gedə bilməz. Mükafat fondu, futbolçu transferi, bir sözlə, hər şeydə azalma var".
Hüseynov hazırda özlərini yiyəsiz hiss etdiklərini söyləyib: "Mən nə edim ki, "Səbail" heç yerdən dəstək görmür. Qalib gəlirik, mükafatımız 500 manat olur. Siz təsəvvür edirsiniz? Pula görə oynamırıq, amma bu durumda komandaya motivasiya olaraq, hansısa dəstək olmalıdır. "Kəpəz" hansısa komandanı udursa, əməlli-başlı pul alır".
ASCO-nun rəsmi saytında isə bildirilir ki, QSC korporativ sosial məsuliyyət çərçivəsində ölkədə futbolun inkişafına dəstək məqsədilə bağlanmış müvafiq müqavilə əsasında, gənc və perspektivli komanda yaratmış və ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyi hədəfləmiş “Səbail” Peşəkar Futbol Klubuna himayəçilik göstərməkdədir.
Qeyd edək ki, hazırda "Səbail" 18 xalla turnir cədvəlinin son pilləsində yer qərarlaşıb. Komandanın ev oyunlarını keçirdiyi stadion "ASCO Arena" adlanır.