
BAKI, 16 mart. TELEQRAF
"Qalib gəlirik, mükafatımız 500 manat olur".
Teleqraf xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov evdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis oyunun vacib olduğunu vurğulayıb: "Çünki rəqiblərimiz xallar qazanır, biz isə son 2 turda uduzmuşduq. Bunu başa düşürdük. Həftəboyu "Neftçi"yə qarşı yaxşı hazırlaşmışdıq. Onların təhlükəli mövqelərini, hansı mövqedən bizə qol vura biləcəklərini futbolçulara başa salmışdıq. Təəssüf ki, mənim istəmədiyim səhvləri komanda etdi ki, rəqib bizə qol vursun. İki qol buraxdıq, 1-2 dənə də buraxa bilərdik. Futbolçulardan soruşdum ki, bunu tapşırmışdım? Hər şeyi əksinə etdilər. Sonradan oyunu toparlamağa çalışdıq. Sistemdə də dəyişiklik etdik. İkinci qolu vura bilmədik, uduzduq. Məyusuq.
O, komandanın dəstəksiz qaldığını bildirib: "Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha 2 futbolçu istəyirdik, alınmadı. Sonuncu yerdə gedən komanda necə ola bilər ki, güclənməsin? Özümüzü yiyəsiz hiss edirik. Futbol ictimaiyyəti tərəfindən də belədir. Hamı deyir ki, "Səbail" heç kimə lazım deyil. Axı burada nə qədər futbolçular var. Məşqçi kimi Azərbaycana gələcəkdə xeyir verə bilərəm. Xəyallarım, arzularım var. Hamı deyir ki, problem Cavid Hüseynovdadır. Mən də istəyirdim ki, hücumçum olsun. İnnosent Nşuti, Mirabdulla Abbasovdan başqa heç kim gəlmədi. Problemlər böyükdür, tək toparlamağa çalışıram, amma gücüm çatmaz. Məşqçiyə dəstək olmalıdır. "Səbail" qışdan sonra "Şamaxı" ilə matçdan başqa, bütün komandalara qarşı yaxşı oynayıb. "Qarabağ"a qarşı da belə çıxmışdıq. Mənə dedilər ki, tutduğundan əl çəkmə, dönmə. Mən nə edim ki, "Səbail" heç yerdən dəstək görmür. Qalib gəlirik, mükafatımız 500 manat olur. Siz təsəvvür edirsiz? Pula görə oynamırıq, amma bu durumda komandaya motivasiya olaraq, hansısa dəstək olmalıdır. "Kəpəz" hansısa komandanı udursa, əməlli-başlı pul alır".
Baş məşqçi "Səbail"in son pillədəki mövqeyi ilə barışmayacağını deyib: "Sona qədər mübarizə aparacam. Amma bu durumdan çıxmaq istəyiriksə, birlikdə çıxmalıyıq. Uğurlu nəticə tək məşqçinin işi deyil.
Cavid Hüseynov "Səbail"in sponsorunun komandaya yardım etmədiyini açıqlayıb: "Sponsorumuz komandadan əl çəkib. Mən gələndən bəri hansısa maddiyatdan söhbət gedə bilməz. Mükafat fondu, futbolçu transferi, hər şeydə azalma var".